Almaniyada Azərbaycandakı vəziyyət müzakirə olunub

Almaniyada Azərbaycandakı vəziyyət müzakirə olunub
  08 Oktyabr 2013    Oxunub:1242
Almaniyanın paytaxtı Berlində Azərbaycana dair müzakirələr aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Forumunun birgə əməkdaşlığı ilə təşkil edilən Azərbaycan - son on ildə baş verən iqtisadi və ictimai inkişaf“ adlı tədbirdə Azərbaycanda gedən proseslərə nəzər salınıb.

Toplantını AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmailova açaraq bildirib ki, ötən on il ərzində Azərbaycan rəhbərliyinin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz bir dövlət kimi siyasi cəhətdən sabitləşib, dünya iqtisadiyyatında mövqeyi güclənib. Qərblə şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq, Avropa məkanına uğurla inteqrasiya edir. Ötən dövrdə Azərbaycanın dövlət səviyyəsində yeridilən həm xarici siyasəti, həm də xaricdə yaşayan azərbaycanlılarla diaspor siyasəti dünya azərbaycanlıları tərəfindən də rəğbətlə qarşılanır.

Tədbirdə Berlin Azad Universitetinin əməkdaşı Matias Dornfeldtin „Azərbaycan - son on ildə baş verən iqtisadi və ictimai inkişaf“ mövzusunda mühazirə ilə şıxış edib. Sərbəst müsahibə şəklində aparılan mühazirə əsnasında M.Dornfeldt Azərbaycanın bütün sahələrində gedən inkişaf prosesinə toxunub. Tədbirdə Alman ictimaiyyəti və Azərbaycan diaspor nümayəndələri Matias Dornfeldə müxtəlif suallar ünvanlayıb. Tədbiri idarə edən Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani qonağa Azərbaycanla bağlı maraqlı fikirlərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Dornfeldt son illərdə müxtəlif qeyri-hökumət qurumlarının xətti ilə Azərbaycanda olub.

Azərbaycana dair müzakirələrdə Almaniya Bundestaqının üzvləri və əməkdaşları, Almaniyadakı Azərbaycan Səfirliyinin, Almaniya və türk mediasının nümayəndələri, Berlindəki Azərbaycan diasporunun üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara Azərbaycana dair fotolar nümayiş etdirilib və Azərbaycan musiqisi səsləndirilib.


Teqlər:





Xəbər lenti