Azərbaycan Çindən yeni silahlar ala bilər

Azərbaycan Çindən yeni silahlar ala bilər
  27 Aprel 2018    Oxunub:14799
Ötən gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvəti ilə Pekin şəhərinə yola düşüb.
Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti Ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycanla Çin arasında hərbi əlaqələr 2004-cü ildən mövcuddur. Onun sözlərinə görə, son illər ərzində hərbi-texniki münasibətlərin inkişaf etdiyini müşahidə etmək olar.

"Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri Çində keçirilən müxtəlif təlim kurslarında iştirak ediblər. Eləcə də Çin Hərbi Akademiyalarında təhsil almış zabitlərimiz var. Onların arasında general da var. Çin Azərbaycanla hərbi əməkdaşlığın müxtəlif aspektlərinə maraq göstərir. 2016-cı ildə Bakıda keçirilən "ADEX-2016" sərgisində Çinin müxtəlif hərbi müəssisələri iştirak edib. Bu ilin sentyabr ayında keçiriləcək sərgidə də Çindən geniş nümayəndə heyətinin və şirkətlərin iştirakı gözlənilir. Çin ölkəmizə hərbi yardımlar da edib. 2011-ci ildə 951 min dollar, 2014-cü ildə isə 485 min dollar dəyərində təmənnasız hərbi yardım edib. 2010-cu ilin əvvələrində Azərbaycan Çinə general-leytenant rütbəsində olan hərbi attaşe göndərib. Bu da iki dövlət arasında hərbi münasibətlərin perspektivləri üçün bir mesaj kimi qəbul edilə bilər".



Hərbi ekspert Azərbaycanın Çindən hərbi məhsullar alacağını istisna etməyib: "Çin dünyanın inkişaf etmiş müdafiə sənayesinə malikdir. Region ölkələrinə sialh-sursatların, müxtəlif təyinatlı hərbi avadanlıqların ixracını həyata keçirir. Türkmənistan hərbi-texniki parkının silahlanmasını Çinin hesabına qurub. Eləcə də Qazaxıstana hərbi məhsullar satır. Son günlər ölkəmizdə “Polonez” reaktiv yaylım atəş sistemləri ilə bağlı məsələ yenidən gündəmdə idi. “Polonez” Belarus-Çin birgə istehsalıdır. Onun raketləri Çinin M20 bazasında yaradılıb. Bu da Çin texnologiyasıdır. Eləcə də Çinin uzaq mənzilli raketləri, tank əleyhinə mübarizə kompleksləri, hərbi texnikası və radioelektron mübarizə vasitələri Azərbaycanın diqqətini kəsb edə bilər. Xüsusilə, vurğulamaq istərdim ki, Çin şirkətlərinin radioelektron mübarizə vasitələri sahəsində böyük təcrübəsi var. 2016-cı ildə Bakıda keçirilən "ADEX-2016" sərgisində Çin şirkətlərindən biri radioelektron mübarizə vasitələrinin Azərabycana ixrac edilməsi ilə bağlı görüşlərin keçirildiyini bəyan etmişdi.

Digər maraqlı məqam Çin-Pakistan istehsalı olan JF-17 döyüş təyyarəsidir. Bu layihə Çində hazırlanıb və Pakistanla birgə istehsal edir. Azərbaycana satılan bu təyyarədə Çinin istehsalı olan AESA radarı tətbiq ediləcək. Bütün bunlara baxanda Çin ilə hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük perspektiv var. Bu baxımdan ordumuzun güclənməsi üçün silahlanma coğrafiyasının bir qədər diversifikasiyası lazımdır".



R.Süleymanov qeyd edib ki, Çin hərbi sənaye kompleksinin məhsulları dünyanın müxtəlif regionlarında istifadə olunur və özünü doğruldub.

"Cənub-Şərqi Asiya, Mərkəzi Asiya və Afrika ölkələrində bu hərbi məhsullardan istifadə olunur. Suriya döyüşlərində Çin istehsalı olan müəyyən avadanlıqlardan istifadə edilib. Həmçinin qeyd etmək istərdim ki, Ermənistan Çindən müəyyən hərbi təyinatlı məhsulların almasını həyata keçirir. Çin hərbi sənaye üzrə Fransa, İngiltərə, İsrail kimi ölkələrin hərbi sənayesi ilə açıq rəqabət aparan və bu bazarlarda irəliləyən imkanlara sahibdir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ordu   Çin   Texnika  





Xəbər lenti