“SOCAR-ı İsveçrədə başqa adla tanıyırlar” – İsveçrə səfiri ilə Eksklüziv MÜSAHİBƏ (VİDEO)

“SOCAR-ı  İsveçrədə başqa adla tanıyırlar” – İsveçrə səfiri ilə Eksklüziv MÜSAHİBƏ (VİDEO)
  01 May 2018    Oxunub:12918
“Mən isveçrəliləri Azərbaycana dəvət edirəm. İnsanlar Azərbaycanın xüsusi atmosferini özləri yaşamalıdırlar”. Bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder (Filipp Stalder) AzVision.az xəbər portalına eksklüziv müsahibəsində deyib.
- İsveçrə ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

- Uzun illərdir ki, bizim münasibətlərimiz ənənəvi dostluq, sıx əməkdaşlıq şəraitində irəliləməkdədir. Ölkələrimiz arasında sıx diplomatik münasibətlər mövcuddur. Prezidentlərimiz Davosda hər il Dünya İqtisadi Forumu çərçivəsində görüşlər keçirirlər. Nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr aparırıq. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri böyük nümayəndə heyyəti ilə İsveçrəyə səfər edəcəklər.İkili əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli siyasi mühüt mövcuddur. Bir sözlə, mehriban münasibətlərimiz var. Mənim üçün Azərbaycanda səfir olmaq çox asan və xoşdur.

- İki ölkə arasında ticarət dövriyyəsi necədir? Qarşılıqlı idxal və ixrac barədə nə deyə bilərsiniz?

- Son illərdə ikitərəfli ticarət dövriyyəsi təxminən 200-300 milyon dollar təşkil edib. Əvvəlki illərdə bu rəqəm 1 milyard idi. İsveçrə Azərbaycana əsasən əczaçılıq məhsulları, maşın, bijuteriya və saat ixrac edir. Azərbaycandan isə qızıl idxal edir. Azərbaycan İsveçrədə SOCAR - la təmsil olunur. Qarşılıqlı investisiya layihələrimiz var. Bu, çox sevindirici haldır. İsveçrədə SOCAR -ın təxminən 160 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. SOCAR İsveçrədə həqiqətən bir brenddir. Ölkəmizdə bu şirkət həm də "Azərbaycan enerjisi" adı ilə tanınır.



- İsveçrənin Azərbaycandakı investisiya layihələri barədə daha ətraflı məlumat verərdinizmi?

- Burada, ilk növbədə, bizim sement şirkətimiz “Holcim”i qeyd etmək olar. Bu şirkət uzun illər qeyri-neft sektoruna qoyulan ən böyük investisiya olaraq öz töhfəsini verməkdədir. Bundan başqa, Azərbaycanda İsveçrənin istehsal şirkətləri fəaliyyət göstərir. İsveçrənin Azərbaycandakı əczaçılıq, avadanlıq istehsalı, ərzaq istehsalı şirkətlərini misal göstərə bilərəm. İsveçrə Azərbaycanla bu sahədəki əməkdaşlıqdan razıdır.

- İsveçrə ilə Azərbaycan arasında oxşarlıqlar varmı?

- Əslində bəzi ortaq cəhətlərimiz var. Dağlarımız məsələn... Bir isveçrəli kimi dağları çox sevirəm və buna görə də, tez-tez Qafqaz dağlarına gedirəm.

Biz dənizə birbaşa çıxış imkanı olmayan əsrarəngiz landşafta malik ölkələrik. Hər iki ölkədə müxtəlif mədəniyyətlərin, dinlərin, irqlərin təmsilçiləri sülh şəraitində birgə yaşayırlar.

Bundan başqa, dövlətin dünyəvi istiqamətləndirilməsi sahəsində bənzərliklərimiz var: dövlət və din həm İsveçrədə, həm də Azərbaycanda bir-birindən ayrıdır. Ölkələrimizdə vətəndaşlara qayğı, adamların biri-biri ilə münasibətləri bəzəyir.

Bu arada, son illərdə İsveçrədə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb.

- Azərbaycanda ən çox sevdiyiniz yerlər hansılardır?

- İşlədiyim və yaşadığım yeri - İçəri Şəhəri, həmçinin Bakı bulvarını çox sevirəm. İdmanın bütün növlərini sevirəm. Ona görə də, həmişə Azərbaycanda nümayiş olunan idman tədbirlərinə gedirəm: trambolin, voleybol çempionatları, futbol və Formula-1.

- Azərbaycanı görməyən isveçrəlilərə bir neçə cümlə ilə ölkəmizi necə təsvir edərdiniz?

- Azərbaycan bir çox özəlliklərə malik maraqlı ölkədir. 11 iqlim qurşagından 9-u Azərbaycandadır. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan, turistlər üçün cəlbedici bir məkandır. Həmyerlilərimə Azərbaycana gəlməyi məsləhət görürəm. Gəlib, Azərbaycanın bu xüsusi atmosferini özləri yaşamalıdırlar.

İsveçrədə 1000-dən çox azərbaycanlı yaşayır. Onlar əsasən iş adamları, tələbə və isveçrəli ilə ailə quran, İsveçrə vətəndaşlığı olan insanlardır. Son illərdə ölkəmizdə Azərbaycan vətəndaşlarının sayında artım hiss olunur.



Murad Qarayev, Adil Şamıyev, Zaur Bəndəliyev
Video: Əhməd Xəlilov / Montaj: Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: İsveçrə   Ştalder  





Xəbər lenti