Miqrasiya Xidmətində Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

  08 May 2018    Oxunub : 460
Miqrasiya Xidmətində Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıb və kitablarla tanış olublar.

Müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Xidmətin akt alında keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi, əməkdaşları və Milli Məclisin komitə sədri Eldar İbrahimov iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov kollektivlə geniş tərkibdə ilk görüşünün Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirdə baş tutmasından məmnun olduğunu deyib. Ulu öndərin xalq, dövlət qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolundan danışıb. O, qeyd edib ki, tarix Heydər Əliyev kimi fenomeni Azərbaycan xalqına gələcəyimizin xoşbəxt təminatçısı kimi bəxş etmişdir. Çünki hələ sovetlər birliyi dönəmində Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əsaslarını qoymuş, rəhbər seçildiyi 1969-cu ildən bugünkü müstəqil Azərbaycanı qurmağa başlayıb.



Bildirib ki, dahi öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir. Məhz həmin dövrdə respublikamızın imperiya tərkibində olmasına baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmışdır.

Hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə siyasi  hakimiyyətə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Diqqətə çatdırıb ki, Ulu öndərin siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində ölkədə yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirib, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaradıb. Xidmət rəisi vurğulayıb ki, dahi öndər dünyəvi, demokratik, açıq bir cəmiyyət qurmaqla Azərbaycanın dünyaya inteqrasiyasının əsasını qoymuşdur. Ötən 15 il müddətində Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanın daha möhtəşəm nailiyyətlərə imza atmasını şərtləndirir. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilərək dövlətlər və xalqlar arasında körpü rolunu oynayır və ümumbəşəri proseslərə yeni-yeni töhfələr verir.



Ulu öndərlə bağlı xatirələrini bölüşən Milli Məclisin komitə sədri Eldar İbrahimov
Heydər Əliyevin fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik
keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən bəhs edib. Bildirib ki, məhz Ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilib, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai- iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoyub.

1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə Konstitusiyamızın qəbulu ölkəmizin bu gününə və gələcəyinə olan inamı nümayiş etdirib, hüquqi və demokratik dövlət quruculuğu yoluna işıq salıb.



Vurğulanıb ki, tarixə öz möhürünü vurmuş Ümummilli lider Heydər Əliyevin də siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın dəstəyinə, ictimai inam amilinə söykənib. Ulu öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanıb, ən böyük dəstəyi xalqdan alıb. Ümummilli lider istər ailədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalıb, əsl azərbaycanlı dünyagörüşünə malik olub. Heydər Əliyev bu gün humanist, tolerant, haqqa, ədalətə yüksək önəm verən, mərhəmətli, nəcib və xeyirxah şəxsiyyət kimi xatırlanır. Mərasim Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət” sənədli filminin nümayişi ilə başa çatıb.

AzVision.az

Teqlər: DMX   Heydər-Əliyev