Namiq Əliyev güləş federasiyasına qaytarıldı

  10 May 2018    Oxunub : 425
Namiq Əliyev güləş federasiyasına qaytarıldı
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov güləşçilərimizin son illərdə qazandığı qələbələrdən söz açıb.
Nazir Avropa çempionatından 18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.

Rəhimov deyib ki, AGF-də yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulmasından xəbər verir: “Növbəti sınaq, Argentinada keçiriləcək Yeniyetmələri Yay Olimpiya Oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik”.

Nazir sonra Namiq Əliyevin yenidən AGF-yə dəvət olunduğunu və I vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb: “O, güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhfəsini vermiş insandı. Əliyevin yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov da komandamızın daim vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandı. Əminəm ki, federasiyanın vitse-prezidenti və yığmanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək.”

Namiq Əliyev, Firdovsi Umudov və digər vitse-prezident Elçin Cəfərov Gənclər və İdman Nazirliyinə daim göstərilən dəstək üçün təşəkkürlərini bildiriblər. Onlar Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları və 2 ildən sonra Tokioda gerçəkləşəcək Olimpiadaya da xüsusi hazırlaşacaqlarına söz veriblər.

Qeyd edək ki, Əliyev 2007-2017-ci illərdə də AGF-in I vitse-prezidenti vəzifəsində çalışıb.

AzVision.az

Teqlər: Namiq-Əliyev   Güləş-Federasiyası