Gömrük məntəqələri 24 saat işləyəcək

Gömrük məntəqələri 24 saat işləyəcək
  11 May 2018    Oxunub:2493
Azərbaycan ilə İranın gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri çərçivəsində gömrük xidməti sahəsində daha bir mühüm addımın reallaşmasına nail olub.

Mayın 10-dan etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb.

Bu barədə hər iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılaşma əldə olunub.

Beləliklə, bundan sonra adı çəkilən gömrük-sərhəd buraxılış məntəqələrindən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunacaq. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edəcək.

Bununla bağlı sərhəd və gömrük xidməti sahələrində infrastruktur yenilənib və infrastrukturun daha da genişləndirilməsi planlaşdırılır. Eyni zamanda, gömrük orqanlarında idarəetmə strukturunda dəyişikliklər olacaq. İki ölkə arasında əldə edilən razılaşmaya əsasən Naxçıvan Muxtar Respublikasına 24 saat - 7 gün rejimində gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının Anlaşma Memorandumuna əsasən reallaşıb. Anlaşma Memorandumu bu il martın 14-də Tehran şəhərində imzalanıb.

AzVision.az


Teqlər: DGK   İran  





Xəbər lenti