Qida məhsullarına nəzarət edən orqan dəyişdi

  11 May 2018    Oxunub : 695
Qida məhsullarına nəzarət edən orqan dəyişdi
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli respublikamızda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
AzVision.az xəbər verir ki, tədbirdə cari ilin 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlı etimad mühitinin yaradılması olub.

Tədbirdə çıxış edən Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini sahibkarların diqqətinə çatdırıb. Qeyd olunub ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində sahibkarlarla sıx əməkdaşlıq edəcək.

O, qeyd edib ki, iyulun 1-dən Azərbaycana idxal olunan bitki və və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək: “İdxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək. Agentlik həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək”.

Daha sonra Agentliyin sədr müavini Rüfət Rüstəmzadə beynəlxalq sərginin yerli sahibkarlar üçün yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradacağını vurğulayıb.

Tədbirdə çıxış edən “Iteca Caspian”ın prezidenti Fərid Məmmədov dəvətə görə Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür edib, təşkil olunacaq sərginin qida sənayesi sahəsinə tövhələr verəcəyini bildirib.

Regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan, süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və bir sıra digər məhsulların təqdim olunacağı Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Ənənəvi olaraq 24 ildir keçirilən sərgi ötən müddət ərzində Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyni möhkəmləndirib. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

AzVision.az

Teqlər: Qida