“Suallar o qədər də çətin deyildi” - 700 bal toplayan Cahan (FOTO)

“Suallar o qədər də çətin deyildi”  - 700 bal toplayan Cahan (FOTO)
  16 May 2018    Oxunub:12713
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Cahan Haşımzadədir. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi olan Cahan II ixtisas qrupu üzrə rekorda imza atıb.
Sevinc təsərrüfatlarını AzVision.az-la bölüşən Cahan imtahandan sonra bəzi suallarda şübhəli qalsa da, 700 bal toplayacağına əmin olub.

“Şübhəli qaldığım suallara görə narahat idim, evə gələn kimi kitaba baxdım, düzgün cavab verdiyimi gördüm. Valideynlərim və müəllimlərim yüksək nəticə göstərəcəyimi gözləyirdi. Əsas odur ki, imtahana yaxşı hazırlaşasan. Yaxşı hazırlaşsan, imtahandan yüksək nəticə alıb, istədiyin ixtisasa keçə bilərsən. İmtahanda suallar o qədər də çətin deyildi. Əsasən çətin suallar hər fənn üzrə bölüşdürülmüşdü. Repetitor yanına gedirdim, nəyisə bilməyəndə məktəb müəllimlərindən də yardım istəyirdim. Tarix və Coğrafiya fənni üzrə 2 il, digərlərindən isə 1 il hazırlaşmışam”.

Dərs əlaçısı olan Cahan təhsilini Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə ingilis dilində davam etdirmək niyyətindədir. O, bundan əlavə xaricdə təhsil almağı planlaşdırır.



Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.



Aytən Zəhra
AzVision.az


Teqlər: 700-bal  





Xəbər lenti