Eksternat imtahanlarına 381 nəfər qatılıb

  16 May 2018    Oxunub : 477
Eksternat imtahanlarına 381 nəfər qatılıb
Mayın 16-da Bakı şəhəri üzrə eksternat imtahanları yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən AzVision.az-a verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI sinfi) başa vura bilməyən şəxslər iştirak edib. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 381 nəfər iştirak edib.

Eksternlər üç akademik saat ərzində hərəsində on sual olmaqla, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil fənləri üzrə sualları cavablandırıblar.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

İmtahanların nəticələri baku.edu.gov.az saytında yerləşdiriləcək.

AzVision.az

Teqlər: