700 bal toplayan oğlan: “Hədəfim ABŞ və Almaniyadır”

  22 May 2018    Oxunub : 4866
700 bal toplayan oğlan: “Hədəfim ABŞ və Almaniyadır”
Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 3 nəfər 700 bal toplayıb.
I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Vasif Əsədovdur. Rekordçu gənc sevinc təəssürtlarını AzVision.az-la bölüşüb.

"Sevincimin həddi-hüdudu yoxdur. Çox gözəl hissdir. Bütün məzunlara bu hissi yaşamağı arzulayıram" -deyən Vasif hesab edir ki, uğur qazanmaq üçün çalışmaq lazımdır.

“Gərək seçdiyin ixtisası sevəsən. Əgər çalışıb, əzm, iradə göstərəcəksənsə 100 faiz nəticə əldə edəcəksən. 700 bal toplamaq bir az da şans işidir. 125 sualın hər birini bilmək olmur. Bir sual olur ki, onda tərəddüd edirsən. Məndə fizika fənni üzrə belə hal yaşandı. İmtahan sualları içərisində fizika fənni üzrə suallar çətin idi, digərlərini cavablandırmaq isə asan oldu. İki il repetitor yanına getmişəm”.

V.Əsədov təhsil aldığı orta məktəbin göstəricilərinin yüksək olduğunu bildirib. O, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında oxumaq istədiyini, həmçinin xaricdə təhsil almağı düşündüyünü söyləyib

"Xaricdə oxumaq çoxdanki arzumdur. Hədəfim ABŞ və Almaniyadır”.

Aytən Zəhra
AzVision.az

Teqlər: 700-bal