“Tanışlarımın arasında ateistlər də var” – Hacı Şahinlə MÜSAHİBƏ (VİDEO)

“Tanışlarımın arasında ateistlər də var” – Hacı Şahinlə MÜSAHİBƏ (VİDEO)
  24 May 2018    Oxunub:29531
"Bu gün Allaha inanan sabah onu inkar edə bilər..."

"Mən müvəqqəti kəbini əxlaqsızlıq adlandırmıram"
Müsahibimiz Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlidir. Oxucularımızı və inanclı insanları maraqlandıran suallara cavab verən din xadimi müsahibədə cəmiyyətdə hələ də geniş müzakirə mövzusu olan siğə və ateizmlə bağlı mühüm məqamlara toxunub.

Hacı Şahin Həsənlinin AzVision.az-a müsahibəsini təqdim edirik:

- Hacı, Ramazan ayı olduğu üçün orucluğun tarixi haqqında bilmək istərdim. Orucluq nə zamandan başlayıb? Çünki bununla bağlı bir çox ziddiyyətli fikirlər mövcuddur.

- Quranın buyurduğuna əsaslansaq, oruc bütün ümmətlərə vacib edilib. Quranda buyurulur ki, "iman gətirənlər, sizdən öncəkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edilir". Hətta bizim hədislərimizdə də qeyd olunub ki, Adəm peyğəmbər yer üzünə endikdən sonra tövbə edib və oruc tutub. Orucun tarixi çox qədimdir. Bütün dinlərdə müxtəlif formalarda oruc var. Oruc Allahın bütün insanlara, bəşəriyyətə buyurduğu vacib hökmlərdən biridir.



- Orucun vacibliyi nədədir?

- Sübh azanından axşam azanına qədər insan bir sıra əməllərdən: yemək, içmək, cinsi münasibətdə olmaq, başı suya batırmaqdan çəkinməlidir. Allahın peyğəmbərlərinin və imamlarının adından yalan danışmaq olmaz. Qatı tüstü qəbulu qadağandır. Səhərə qədər qüsul almadan sübh azanına qədər qalmağa icazə verilmir. Bu kimi əməllər orucu batil edər.

Təbii ki, oruc sırf yemək və içməyi tərk etməkdən ibarət deyil. Onun fəlsəfi əsasları var. Oruc insan kimliyinə verilən praktiki cavabdır. Ramazan ayı insana izah edir ki, o, yalnız bioloji varlıq deyil. Həm də öz istəyinə "yox" deməyi bacarandır. Digər canlılar bu hisdən məhrumdurlar. Allaha inananımız da, inanmayanımız da özü ilə mübarizə aparır. Müxtəlif istəklərlə üz-üzə qaldıqda birini seçirik. Daima mübarizə halındayıq. Bu, insana xas, özəl xüsusiyyətdir.



- Bu yaxınlarda Ramazan ayı ilə bağlı insanlar arasında sorğu keçirdik. Bir xanım sualımıza cavab olaraq bildirdi ki, orucu günahlarının yuyulması üçün tutur. Həqiqətən də oruc günahları yuyurmu?

- Bu məzmunda hədislər var ki, Ramazan ayı bağışlanmaq ayıdır. Allah bu ayda bütün günahkarları bağışlayır. Bir şərtlə ki, oruc tutub, Allahın dərgahına yönlənsinlər. Təbii ki, Allah başqa aylarda da bağışlayır. Allahın rəhmət dərgahı insanların üzünə hər zaman açıqdır. Bunun hansısa saat və məhdudiyyəti yoxdur. Amma bəzi fəzilətli zamanlar var ki, sanki insan daha çox Allaha yaxın olduğunu hiss edir. Oruc tutanlar da təsdiq edə bilər ki, Ramazan ayında insan qəribə bir halda olur, metofizik aləmlə əlaqəsi möhkəmlənir. Ona görə də dualar daha tez qəbul olunur və insanlar bağışlanır. Amma sırf bağışlanmaq üçün biz oruc tutmuruq. Bunu Allaha yaxın olmaq və əmrini icra etmək üçün icra edirik.



-Bu yaxınlarda bir məlumat oxudum ki, Türkiyənin Ərzurum bölgəsində oruc tutmayanları döyürlər. Hətta foto da paylaşmışdılar. İslamın buna münasibəti necədir? Bizdə də belə hallar olurmu?

- Oruc tutmayan insanları buna zorla vadar etmək olmaz, dinin ibtidai prinsiplərinə ziddir. İbadətləri yerinə yetirməyən insanlara dözümlü, mehriban, mərhəmətli yanaşmaq lazımdır. Peyğəmbərlər də bu yolu tutublar. Bəziləri peyğəmbərin döyüşlərini çox qabardır. Amma biz Quranla tanış olanda və tarixə müraciət edəndə görürük ki, bu döyüşlər zərurətdən yaranıb, müdafiə xarakteri daşıyıb. Qurandakı cihad ayələri “sizə qarşı vuruşanlarla vuruşun” məntiqi ilə deyilib. Bir sözlə, oruc tutmayanların döyülməsi qətiyyən yolverilməzdir.

-Bir dəfə müsahibənizdə halal və haram musiqinin olduğunu bildirmişdiniz. Maraqlıdır, haram musiqi dedikdə nəyi nəzərdə tutursunuz?

- Musiqi haqqında qəti fikir söyləmək çətindir. Çünki Quranda musiqi ilə bağlı şəffaf bir ayə yoxdur. Hədislərə müraciət edirik və ağlımızla hesablayırıq. Haram dedikdə insanı zorakılığa, əxlaqsızlığa, düşünməmiş hərəkətlərə təhrikedici musiqilər nəzərdə tutulur. Musiqinin insan ruhuna müxtəlif təsirləri var. Dinimiz insanı aşağılayan, onun insanlığına uyğun gəlməyən, günaha çəkən musiqi növlərindən çəkinməyi tövsiyyə edib. Belə musiqini necə məyyən edək? Bu, insanların öz ixtiyarındadır. Hər bir şəxs özü müəyyən edə bilər ki, hansı musiqilər bu mahiyyətə malikdir.

- Müasir zamanımızda səslənən musiqilər arasından beləsini göstərə bilərsinizmi?

- Bayağı, insanları narkotikə və digər yüngül şeylərə dəvət edən edən musiqilər çoxdur. Təssüflər olsun ki, belə musiqləri eşidirik.

-Bəs, siz özünüz hansı mahnıları dinləyirsiniz?

- Klassik musiqini, muğamlarımızı dinləyirəm. Alim Qasımova, Mirələm Mirələmova qulaq asıram. Gəncliyimdə Avropa və italyan musiqilərini dinləmişəm. İndi isə zövqlər bir az dəyişib. Ümumiyyətlə, mən musiqiyə biganə adam olmamışam. Sənətə bağlı insanam. Musiqidən estetik zövq almaq lazımdır. Musiqi qulağa fayda verməlidir. Hədislərimizdə də qeyd olunur ki, qulaqlarınızı faydalı olan elmə verin. İnsana fayda gətirən hər şeyi dinimiz bəyənir.



- Səhv etmirəmsə, siz bir dəfə bildirmişdiniz ki, qadınla kişinin üz-üzə rəqs etməsini din qəbul etmir. Buna səbəb nədir? Niyə qadın kişi ilə rəqs edə bilməz?

- Quranda bu barədə ayə yoxdur, xatırladığım qədəri ilə orada buna işarələr var. Qadınla kişinin rəqs etməsi ilə bağlı şəriət kitablarında müəyyən görüşlər var ki, bunun qeyri-məqbul olduğunu bəyan edir. Bütün müsəlman alimlərinin yekdil rəyi bundan ibarətdir ki, qadın və kişi birgə içki məclislərində iştirak edə bilməz. Onların bir yerdə rəqs etməsini məqsədə uyğun hesab etmirlər.

-Siz özünüz toylarda iştirak edirsinizmi?

- Mən yaxın insan olanda, toya gedib onu təbrik edə bilərəm. Kişilər və qadınların ayrı olduğu toylar da olur. Belə toylar digərlərindən geri qalmır. Əvəllər Azərbaycanda toylar belə olub. Mən mühafizəkar insan deyiləm və hesab edirəm ki, din də mühafizəkar deyil. Keçmişlə bağlı çox şey ola bilər ki, yalnışdır. Bunu müasir dövr haqqında da demək olar. Keçmişimizlə bağlı ziyanlı şeylərdən imtina edə bilərik. Eyni zamanda hər bir yeniliyi də kor-koranə qəbul edə bilmərik. Dindar mühafizəkar insan deyil. Özüm müasir insanam. Yeniliyin və dəyişikliyin əleyhinə deyiləm. Əksinə inkişafın əleyhinə olan insanları dindar hesab etmirəm. Onlar dindən uzaqdırlar.

- İnsan dinsiz yaşaya bilərmi? Din olmasa, nələr baş verər? Dinsiz cəmiyyət varmı? Bu barədə fikirləriniz oxucularımız üçün də maraqlı olar...

- Mən hesab edirəm ki, dinsiz, inancsız insanlıq mövcud ola bilməz. İnanc zərərli adətlər, cəmiyyətə faydası olmayan əxlaqın, mənəviyyatın aşınmasına gətirib çıxaran amillərin qarşısını alan bir immunitetdir. Eyni zamanda din insanı gələcəyə ümidləndirən motivasiyadır. İnancı mən fitri hesab edirəm. İnanc insan fitrətinə bağlı olan bir şeydir.

-Bəs bütün bu saydıqlarınızı insanlıq qaydaları ilə yoluna qoymaq olmazmı?

- Polemika bu gün də aparılır ki, əxlaqlı olmaq üçün dinə ehtiyac varmı? Mütləq din olmalıdırmı ki, insanlar cinayət etməsin? Bir çox ölkələrdə bunlar qanunvericiliklə tənzimlənir. Qanunu əxlaqdan daha çox yükləməyi yalnış hesab edirəm. Bir çox məsələləri mənəviyyat tənzimləməlidir, amma biz onu qanuna yükləyirik. Avropa mədəniyyətinin ən mənfi xüsusiyyəti inkişafın məhz qanunlar nəticəsində təmin edilməsidir. Yəni insanın kənardan qanunlarla mühasirə olunmasıdır. Tutaq ki, ayağını kənara qoyacaqsansa, cərimələnəcəksən. İşə gecikdiyin zaman maaşından kəsiləcək və s. Bu məsuliyyətin yalnız qanunlar hesabına, kənardan təqdim edilən mexanizmlər hesabına təmin edilməsidir. Dinin təqdim etdiyi yol isə budur ki, məsuliyyət daxildən gəlməldir. Həzrəti Əli vəsiyyətində deyir ki, "sizə təqvanı və nizamlı olmanı tövsiyə edirəm". Təqva, yəni daxili xüsusiyyət, mənəvi çəkinmə, günahdan uzaqlıq nəzərdə tutulur. Yəni daxiliniz sizi nizamlı olmağa vadar etsin.



Din ona görə gəlməyib ki, insan cinayət etməsin. Din insan potensialını tam gerçəkləşdirməyə yönəldilmiş, Allah tərəfindən göndərilmiş bir təlimdir. Yəni insanın potensialı həddindən artıq çoxdur. Bu potensialı reallaşdırmaq üçün insanın bir həyat yoluna ehtiyacı var. İnsan günahla savabın sərhədində dayanmamlıdır. O, hansısa qanun pozuntusundan, cinayətdən o qədər uzaqlaşmalıdır ki, kamilliyə can atsın. Bu kamillik isə insanın daxilindəki potensialın tam gerçəkləşməsi hesabına baş tuta bilər. Peyğəmbərlərin gəlişinin məqəsdi insanı çata biləcəyi nöqtəyə yönəltməkdir. Əgər insanlar bu nöqtəyə gəlib çatsalar, ictimai münasibətlər də tənzimlənər, insanlarla yaşamaq da xoş olar. Bu gün din adıyla edilən cinayətlərə baxırıq. Bir çox ölkələrdə dindar potenisal təhlükəyə çevrilib. Əslində isə dindar ünsiyyət üçün ən rahat insan olmalı, sevinc, şadlıq bəxş edən insan obrazını gerçəkləşdirməlidir. İnancın bizim həyatımızda praktiki təsiri yoxdursa, biz yalnız axirətdə xoşbəxt olmaq ümdilə ibadət ediriksə, deməli, biz dini tanımamışıq.

- Bəzən insanlar Quranla fala baxırlar, insanın gələcəyini deyirlər. Quran gələcəyi göstərə bilərmi?

- Bu, ciddi yanlışlıqdır. Fal Quranın buyurduğu haram əməldir. Quran falı şeytan əməli, insana yaraşmayan günah əməl hesab edir. Quran bunu belə bəyan edirsə, insanlar götürüb Quranla fala baxırlarsa, bu, məntiqsizlikdir. Axı orada həmin insanın taleyi haqqında heç nə yazılmayıb. Təəssüflər olsun ki, kimlərsə bundan gəlir vasitəsi kimi istifadə edir və bir qrup insan da buna inanır.

- Necə düşünürsünüz, insanlar cəhənnəmi və cənnəti elə bu dünyada yaşamırmı?

- Müəyyən mənada razılaşmaq olar ki, insan cənnət və cəhənnəmi bu dünyada yaşayır. Axirət bu dünyanın əslində pərdəarxasıdır. Biz axirətə köçdüyümüz zaman əbədi var olacağıq. Amma bu varlıq bizim dünyadakı mənəvi durumumuzun inikasıdır, təzahürüdür. Cəhənnəm deyildikdə biz pirimitiv düşnməməliyik ki, yaxşı əməl edənləri güllü-çiçəkli yerlərə, pisləri isə qır qazanına atıb qaynadacaqlar. Cənnət dedikdə insanın daxili dünyasının xarici təzahürü nəzərdə tutulur. Hər bir insan öz cənnətində qalacaq. Axirət aləminin bu dünyadan əsas fərqi ondan ibarətdir ki, daxili aləmlə xarici aləm orada vəhdətdə olacaq. Hər bir insan öz daxili zənginliyinə uyğun bir aləmdə mövcud olacaq. Cəhənnəm bizim təsəvvür etdiyimiz kibritlə yanan oddan ibarət yer deyil. O günhların sızıltısıdır. Daxildən qaynayan oddur.

- İntihar niyə günah sayılır? İnsan öz həyatının ağası deyilmi?

- İntihar etmək onun elə ağalığına sığmır. İntihar acizlik əlamətidir, insana yaraşmır. O, qüdrətli olmalıdır.

-Bir dəfə belə bir fikir səsləndirmişdiniz: “Kişi ailənin cəmiyyətə açıq olan publik siması, qadın isə yalnız ailə üzvlərinə açıq məhrəm simasıdır”. Niyə qadını məhdudlaşdırırq. Ailə səviyyəsindən kənara çıxılması müsbət qarşılanmır?

- Burada söhbət ondan gedir ki, qadın hansı ictimai məsuliyyəti bölüşürsə bölüşsün, o, bunu bilməlidir ki, ailə daxilində onun görə biləcəyini heç kim edə bilmir. Mən bunu qadının üstünlüyü kimi başa düşürəm. Din qadının ictimai məsuliyyətini məhdudlaşdırmır. Sadəcə olaraq övlada və həyat yoldaşına təsirdə qadının gücü misilsizdir. O, ailədə birləşdirici nüvədir. Qadının ailə daxilində görə biləcəyi işi kişi görə bilmir. Ana insan formalaşdırır.

Ancaq bu, onun həbs edilməsi demək deyil. Cəmiyyət qadının intellektindən, savadından yararlanmalıdır. Qadın elmli olub ictimai fəaliyyət də göstərməlidir. Bu, vacibdir.

- İnanclı insanlar ateistlərin sonda Allaha qayıdacağını düşünürlər. Siz nə deyə bilərsiniz bu haqda?

- Onların inanca qayıdıb-qayıtmayacaqlarını iddia etmək çətindir. Ateist olar ki, inanca qayıdar, dindar da olar ki, inancdan çıxar. Heç kimin sonu haqqında dəqiq zəmanət sahibi deyilik. Bu gün Allaha inanan sabah onu inkar edə bilər və ya əksinə. Dində məcburiyyət yoxdur, insanlar öz əqidəsini özü seçir. Ateistlərlə müzakirələr aparmışam, polemikaya da girmişəm. Müzakirədə məqsəd kimisə aşağılamaq, yaxud dediyimi kiməsə yeritmək olmayıb.

Öz getdiyim yolu xoşbəxtlik yolu hesab etdiyimdən onu paylaşmağı arzulamışam. Bir insan inancdan məhrum olanda mən sadəcə təəssüf hissi keçirmişəm. Amma istənilən halda müasir cəmiyyətdə insanlara qarşı aqressiv münasibət sərgiləmək yol verilməzdir.

İnsanların inanclarını tərk etməsinin, ateist olmalarının səbəblərindən biri də dinin düzgün təqdim edilməməsidir. Ona görə də insanları qınamağa tələsməməliyik. Doğrudur, bəzən həmin davranış ateistlər tərəfindən də edilir. Dindarları savadsızlıqda ittiham edirlər. Onları ələ salırlarlar. Biz birgə yaşayışın qaydalarını mənimsəməliyik. Mədəni insan olaraq bir cəmiyyətdə yaşamalıyıq.

- Ümumiyyətlə, tanışlarınız arasında ateistlər varmı?

- Bəli, var.



- Son zamanlar azyaşlılarn evləndirilməsi hallarına tez-tez rast gəlirik. Dinin buna münasibəti necədir?

- Bəzi məsələlər var ki, zamanın tələblərinə uyğunlaşır. 200-300 il bundan qabaq bu normal ola bilərdi. Ancaq dinimzdə də var ki, zamanla bəzi hökmlər dəyişə bilər. Bugünkü gündə din insanları təşviq etmir ki, gedib körpə uşaqlarla evlənin. Bu məsələdə məsuliyyət ailələrin üzərinə düşür. Müasir dövrdə gənclər ilk növbədə keyfiyyətli təhsil almalıdır.

- İnsanlar arasında ən çox müzakirə olunan mövzulardan bir də siğədir. Siğə nə zaman və hansı hallarda bağlana bilər?

- Daimi və müvəqqəti kəbin anlayışı var. Müvəqqəti kəbin daimi kəbinin alternatividir. Təbii ki, istənilən dini hökm kimi, müvəqqəti kəbin hökmündən də sui-istifadələr çox olur. Bəzi əxlaqsız həyat tərzi keçirən insanlar özlərinə bununla əsas tapırlar. Əlbəttə, mən müvəqqəti kəbini əxlaqsızlıq adlandırmıram. İnsanlar var ki, onlar öz əxlaqsızlığını ört-basdır etmək üçün bundan istifadə edir. Müvəqqəti kəbin bağlanan zaman onlar ailə olur. Bir-birilərinə həyat yoldaşı kimi baxırlar. Ona görə də özlərinə həyat yoldaşı olmağa layiq insanla bunu edirlər. Müvəqqəti kəbindən dünyaya gələn övlad hüquqi baxmdan anasının və atasının övladı sayılır. Onun qarşısında valideynlərin öhdəliyi var.

Müvəqqəti kəbin haqqında deyirlər ki, əxlaqsızlığa rəvac verir və s. Əksinə cəmiyyətdə onsuz da mövcud olan nikahdan kənar münasibətləri müəyyən qədər tənzimləyir. Dəyər verir ki, sən bu qadına bu gözlə baxmamalısan. Qadına status verir. Kişini qadına hörmət etməyə təşviq edir. Çünki nikahdan kənar münasibətlərdə qadınlara fərqli baxış var. O baxışları tənzimləmək, ailə kimi yanaşmaq üçün icazə verir.

- Uzun illərdir ki, həcc karvanına rəhbərlik edirsiniz və Allah evinin zəvvarlarına xidmət göstərirsiniz. Bəzən insanlar arasında belə fikirlər dolaşır ki, həcc ziyarətinə getməkdənsə, vətənində kiməsə yaxşılıq et. Bu fikirləri doğru hesab edirsinizmi?

- Həccə gedən insan getməmişdən öncə və sonra ətrafında olan yoxsul insanlara yardım etməlidir. Gücü çatan qədər xeyriyyəçiliklə məşğul olmalıdır. Dinimiz deyir ki, qonşusu ac olanda tox halda yatan insan müsəlman deyil.

Həcc özü isə mənəviyyat məktəbidir. Adam orada qəribə hallar keçirir. Həccin cazibəsi var. Bütün çətinliklərə baxmayaraq, insan dəfələrlə getmək istəyir. Həcc və Kərbəla müsəlman xalqlarının bir-birinin problemi ilə yaxından tanış olması üçün fürsətdir. Kərbəlada şəhidlərimizin şəkilləri olan stend düzəldilmişdi. Erməni təcavüzü ilə bağlı ərəb və ingilis dillərində məlumatlar paylaşılmışdı. İnsanlar yaxınlaşıb maraqlanırdılar. Bəzi insanlar isə həccə gedir ki, titulunu artırsın. Gələndə desinlər ki, keç yuxarı başda otur və s.

- 1991-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olmusunuz. Daha sonra isə BDU-nun tarix fakültəsində təhsil almısınız. Bundan dolayı soruşmaq istərdim ki, zaman maşını düzəltsəydiniz, onunla tarixin hansı səhifəsinə səyahət edərdiniz ?

- Kənardan özümü müşahidə etmək üçün məktəb illərinə qayıtmaq istərdim. Tarixin səhifəsinə gəlincə isə peyğəmbərin yanında olub, onunla ünsiyyətdə olmağı arzu edərdim.

Nə soruşardınız?

- Heç kəsə deyə bilməyəcəyim suallarım ola bilərdi.

- Məktəbdə oxuduğunuz zaman “Şən və hazırcavablar klubunda “iştirak etmisiniz. Zarafatcılsınız? Sizi ürəkdən nə güldürə bilər?

- Məktəb illərində çox zarafatcıl insan olmuşam. İndi də özümü zaraftcıl insan hesab edirəm. Mömin zarafatcıl olar. İkiüzlü insanlar qaşqabaqlı olar. Hədislərdə də deyilir ki, iman əhli sevinci daimi olan insanlardır. Bir an sevinc hissi onları tərk etmir. Mənasız deyib gülmək deyil, daxildən gələn pozitivlik olmalıdır. Kiməsə lağ etmək, qəlbinə toxunub gülməyi zarafat hesab etmirəm. Belə halları ürək ağrısı ilə qarşılamışam. O insanın əvəzinə mən pərt olmuşam. Mən daha çox incə zarafatları sevirəm.

-“İnsan yaşlandıqca tənhalığını dərk edir” - bu sözlər sizə məxsusdur. Tənha olanda nə edirsiniz?

- İnsan ictimai varlıq olmaqla yanaşı həm də tənhadır. Onun bəzən tənhalığı ilə birgə qalmağa ehtiyacı var. Bundan qorxub qaçmamalıdır. İnsan ən xoşbəxt ailənin, ən yaxşı dostların içində olanda anlamalıdır ki, ətrafda olanlar onun ehtiyacını qarşılamaq gücündə deyil. Allah insanı məcazi mənada desək ölçüsüz yaradıb. Ona görə də bizi ondan başqa heç nə qane etmir. Və xoş anımızda da tənhalıq hissi müşahidə edir. O hisdən zövq almışam. Tənhalıq tanrının bəxş etdiyi ən dəyərli hisdir.

- Bəs, ailə daxilində necə insansınız?

- Mülayim atayam. Hətta bəziləri təəccüblənir ki, bu qədər mülayimsən? "Sərt olmaq lazımdır" deyirlər. Bizdə demokratik mühit var. Uşaqlarla qeyri-rəsmi münasibət saxlayıram. Yersiz çərçivələrin tətbiq edilməsinin tərəfdarı deyiləm. Uşaqlara qarşı çox mehribanam. Cəzalandırmağı qətiyyən sevmirəm.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video, montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Hacı-Şahin  





Xəbər lenti