İbrahimgədayevin “üçlüyü” – VİDEO

İbrahimgədayevin “üçlüyü” – VİDEO
  25 May 2018    Oxunub:9558
Bir neçə gündür mətbuatda, sosial şəbəkələrdə “Milli Şura” adlı qondarma qurumun yaradıcısı, təşkilatın fəxri sədri elan edilmiş Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” “film”i geniş və haqlı müzakirələrə yol açıb. Çünki 2015-ci ildə çəkilən “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.
Əslində dəfələrlə erməni sevgisini sübut etmiş R.İbrahimbəyovdan başqa hərəkət gözləmək sadəlövhlük olardı. Axı bu adam Azərbaycana və azərbaycanlılara nifrət edir. Eyni zamanda, Azərbaycana qarşı fəaliyyət göstərən şəbəkənin üzvüdür. Əks halda, özünü azca da olsa azərbaycanlı sayan heç bir insan bu cür bədnam filmə ssenari yazmazdı. Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Bir sözlə, bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür.



Bütün bunların təsdiqi kimi filmdə yer alan epizodlara diqqət edək. O zaman bu insanın Azərbaycana və azərbaycanlılara necə bir nifrət bəslədiyini görəcəksiniz.

Rejissoru Eldar Şengelaya və Fuad İbrahiumbəyov olan filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” guya “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

İbrahimbəyov niyə belə edir? Onu hərəkətə gətirən motivlər nələrdir?

Vətəndən bəlkə də nəyə görəsə küsmək, incimək olar, amma vətəni düşmənə satmaq bağışlanmazdır. Xüsusilə də əgər bunu edən “ziyalı” adlanan şəxsdirsə. Vaxtilə Əkrəm Əylislinin bədnam “Daş yuxular” romanı ilə etdiyini indi Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmilə təkrarlayıb. Demək istərdik ki, bədnam romanı Əkrəmin axırına necə çıxmışdısa, bədnam ssenarisi də Rüstəmi elə bitirəcək. Amma bunu demək alınmır, çünki Rüstəm onsuz da çoxdan bitib, ölkəyə bacardığı kimi ziyanı vurmağa çalışan isə onun radioaktiv qalıqlarıdır.

Həm Əylislinin “Daş yuxuları”nı, həm də İbrahimbəyovun – hərçənd, bu soyad heç yerinə düşmür, ona “İbrahimgədayev” demək daha düzgün olardı,- “Qafqaz üçlüyü”nü bir ortaq cəhət birləşdirir: Guya vəhşi və qəddar azərbaycanlılar yazıq, fağır, mədəni, alicənab ermənilərə zülm ediblər. Hara yozsaq da, necə izah etsək də, erməni qanı daşımayan birinin belə fikirləri yazması mümkünsüzdür. Xocalı ağrısını hələ də ürəyində daşıyan bir millətin övladı belə bir şeyi necə yaza bilər axı? Heç cür!

Bəlkə bu adamlar elə bilirlər ki, Orhan Pamuk “erməni soyqırımı”nın guya olduğunu deyərək, öz ölkəsinin və xalqının əleyhinə getdiyi üçün Nobel ödülü alıbsa, bunlar da “Oskar”dan-filandan alacaqlar? Elədirsə, bilsinlər ki, heç zibil də alacaqları gözlənilmir, çünki o kart artıq oynanılıb. Oynanılmış kartları sadəcə, qırağa atırlar. Hər satqının öz qiyməti var, köpək öz sahibini satanda isə mükafatı ən yaxşı halda yal olur.

Ermənilərin də içində hakimiyyətdən, hətta dövlətdən narazı olan ziyalılar, sənətçilər, yazarlar var. Amma onları öldürsən belə, Azərbaycanın xeyrinə bir cümlə də yazmazlar. Bizim satqınlar isə erməniləri yüksəldib, öz xalqlarını alçaltmaq üçün ərinmədən, utanıb yerə girmədən roman və ssenarilər yazırlar. Hərçənd, “bizim satqınlar” – səhv ifadədir, çünki satqının bizimkisi-sizinkisi, xalqı-milləti olmur. Satqınlar həmişə soysuzdurlar.

Maraqlı olan başqa bir məqam da var. 2013-cü ildə özünü “Milli Şura” adlandıran qurum Rüstəm İbrahimgədayevin prezidentliyə namizədliyini irəli sürürdü. 2015-ci ildə isə o, “Qafqaz üçlüyü”nün ssenarisini yazıb. Belə çıxır ki, Milli Şura öz xalqını satmağa hazır olan və qısa müddət sonra bunu edəcək birini dövlət başçısı görmək istəyirmiş! Bunun özü də ən azı İbrahimgədayevin hərəkəti qədər ağır əməldir. Yaxşı olar ki, Milli Şuranın xarabalıqlarının altından başını çıxarıb feysbukda bloggerlik edən Əli Kərimli və Cəmil Həsənli növbəti postlarında bu məsələyə aydınlıq gətirsinlər. İzah etsinlər ki, nəyə görə, hansı məntiq və əsasla, kimin tapşırığı ilə bir ermənipərəst satqının prezidentliyə namizədliyini irəli sürmüşdülər? Bu suala cavab verilsə, çox gizli əlaqələrin üstü açılar.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Rüstəm-İbrahimbəyov   Qafqaz-üçlüyü  





Xəbər lenti