“Yanıma gəlirlər, hərəsini bir dəfə öpürəm” - Xalq artisti

“Yanıma gəlirlər, hərəsini bir dəfə öpürəm” - Xalq artisti
  25 May 2018    Oxunub:11406
"23 yaşı var, kiflənmiş fikirlərlə yaşayır"

Bu gün Xalq artisti Ramiz Novruzun doğum günüdür. Sevilən aktyorun 63 yaşı tamam olur. Yeni yaşa qədəm qoyan sənətkar doğum günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.
- Təmtəraqlı ad günü keçirməyi xoşlamıram. Sakit qeyd edirəm. Həmin gün çox vaxt telefonumu söndürürəm. Sonra ürəyim durmur, kimsə zəng edibsə, yenidən ona yığıram. Ona görə də telefonu söndürmək mənə sərf etmir. Kim ki şablon, zəng etmək xətrinə zəng edirsə, onlara cavab vermirəm. Ancaq 5-6 dəfə zəng edib, ürəkdən təbrik etmək istəyənlərə telefonum açıqdır.



-Deyirlər ki, yaş kişinin var- dövlətidir. Hər kəs bunu bir cür qəbul edir. Sizcə, yaşdan var- dövlət olar?

- Var-dövlət dedikdə, yəqin, nəzərdə tutulur ki, bu yaşa qədər nə qədər dost qazanmısan, öz xarakterinlə nə qədər sevilmisən, övladlara, dostlara, ətrafa, vətənə nə qədər xeyir verə bilmisən. Söhbət bundan gedir. Əgər düzgün və yaxşı yaşamısansa, var-dövlətlisən. Var-dövlət dedikdə mən maddiyatı nəzərdə tutmuram. Bizim bir aktyorumuz var idi. Onu çox tərifləyəndə deyirdi, zəhmət olmasa məhəbbətini maddiləşdir. İndi həmin aktyor yadıma düşdü. (gülür)

- Qeyd etdiklərinizin fonunda sizi varlı kişi hesab etmək olar?

-Yəqin ki, olar. Ən varlılardanam.



- 63 yaşın kürəyini yerə vurmaq çətin olmadı ki?

- Özümü 50 yaşımda necə hiss edirdimsə, indi də eləyəm. Vaxtı ilə zarafatca demişdim ki, özümü düzəmməli ata hiss etmirəm, o ki qaldı baba hiss edim. Adam var ki, 70-80 yaşı olur, beyni düşüncəsi hələ də cavandır. Adam da 23 yaşı var, artıq çoxdanın qocasıdır. Kiflənmiş, qocalmış fikirlərlə yaşayır.

63-dən geriyə doğru getsəydiniz, həyatınızın hansı dönəmində dayanardınız?

- Çətin sualdır. Dost bildiyim adamların siyahısını təzədən tutardım ki, bir də aldanmayım, gədalara dost deməyim.



Neçə nəvəniz?

- 5 nəvəm, bir nəticəm var. Böyük nəvəmin bir oğlu olub. Onun da bir yaşı var.

- Babalarını necə təbrik ediblər?

- Saat 12 olan kimi onların zəngləri başlayır. Aralarında yarışırlar ki, kim birinci olacaq. Bəzən cığallıq edib, 12- dən əvvəl zəng edənlər də olur. Səhəri gün yanıma gəlirlər, hərəsini bir dəfə öpürəm, bu da mənə hədiyyə olur.













Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ramiz-Novruz  





Xəbər lenti