Cümhuriyyətin Türk dövlət quruculuğu tarixindəki rolu müzakirə olunub

Cümhuriyyətin Türk dövlət quruculuğu tarixindəki rolu müzakirə olunub
  25 May 2018    Oxunub:1627
Mayın 24-də “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konfrans təşkil edib.
Tədbirdə çıxış edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, müsəlman Şərqində və Türk dünyasında yaranan ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özündən sonra bu coğrafiyada yaranan dövlətlər üçün bir model olub: “Xalq Cümhuriyyəti 23 ay yaşadı. Ancaq ondan 5 il sonra Osmanlı İmperatorluğu üzərində bərqərar olan Türkiyə, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən türk ölkələri hər biri cümhuriyyət-respublika dövlət quruluşunu seçdilər. Bu mənada, AXC təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Türk-İslam dünyasının dəyəridir və AXC-nin yubileyi beynəlxalq əhəmiyyət daşıyır”.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bölmə rəhbəri, Demokratik Azərbaycan Naminə İB-in sədri Elməddin Behbud çıxışında qeyd etdi ki, 1918-ci ildə yaranan AXC Azərbaycan xalqının həmin dövrdə olum, ya ölüm məsələsi idi: “Cümhuriyyətin yaranması və Azərbaycanın sərhədləri daxilində onun fəaliyyətinin bərqərar olması o dövrdə Azərbaycan xalqını həm soyqırımından xilas etdi, həm də bugünkü dövlətçiliyimiz üçün baza rolunu oynadı”.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu beş min illik dövlətçilik tarixi olan Azərbaycan xalqının 1918-ci ildə qurduğu Xalq Cümhuriyyətinin əvvəlki dövlətlərdən fərqləndirən xüsusiyyətləri haqqında danışıb. Natiq qeyd edib ki, AXC-nin beynəlxalq hüququn subyektinə çevrilməsi bizi sonrakı təhlükələrdən qoruyub: “Əgər AXC tanınmasaydı, sovetlər dövründə bizi ayrıca milli subyekt kimi tanımayacaqdılar. Sovetlər dağılarkən isə biz də Rusiyanın tərkibində yalnız muxtar respublika kimi qalacaqdıq”.

Digər məruzəçi - Giresun Universitetinin beynəlxalq münasibətlər departamentinin üzvü, dossent Yalçın Sarıkaya bildirib ki, AXC-nin siyasi-mənəvi irsi həm Türkiyədə, həm də digər türk dövlətlərində bir örnək kimi öyrənilməlidir.

Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AXC-nin yaranmasını ümumtürk tarixinin şərəf səhifəsi kimi qiymətləndirərək deyib: “O zaman AXC-nin bütün Azərbaycan ərazisində öz hakimiyyətini qurması, Bakının işğaldan azad edilərək paytaxt elan olunması üçün gələn Qafqaz İslam Ordusunun missiyasının təməlində qardaşlıq dəyərləri dayanırdı. AXC süqut edəndən 3 il sonra Türkiyədə cümhuriyyət quruculuğu dövründə buradan getmiş dövlət xadimləri, ideoloqlar bu prosesdə yaxından iştirak etmişlər. 100 il əvvəl olduğu kimi, 25 il əvvəl olduğu kimi, bundan sonra da hər zaman Türkiyə Azərbaycanla çiyin-çiyinə olacaqdır”.

Şimali Kiprin Bakıdakı təmsilçisi Ufuk Arca Turganer Azərbaycan xalqının tarixdə və bu gün qazandığı uğurları öz uğurları kimi hiss etdiklərini söyləyib və bildirib ki, hazırda güclənən Azərbaycan kipr türkləri üçün bir qürur mənbəyidir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov AXC-dən danışarkən qəhrəman Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasının xüsusi vurğulanmalı olduğunu bildirib: “Bu gün bu missiya kimlər üçünsə adi görünə bilər. Bəzən hansısa qüvvələr bu ordunun tarixi missiyasının əhəmiyyətini azaltmağa cəhd edirlər. Amma bu birmənalıdır ki, Qafqaz İslam Ordusu gəlməsəydi, nə o zamankı, nə də indiki Azərbaycan olmayacaqdı”.

Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli də Qafqaz İslam Ordusunun tarixi missiyasına kölgə salmaq istəyənlərə Azərbaycan Prezidentinin beynəlxalq tribunadan səsləndirdiyi “Türkiyə burada yoxdur, mən buradayam” mesajının tutarlı cavab olduğunu vurğulayıb.

Tarixçi Faiq Ələkbərli AXC-nin ərazisinin əhatə etdiyi xəritə haqqında danışaraq qeyd edib ki, Azərbaycan xalqının və dövlətinin qarşısında dayanan ən ümdə vəzifə tarixi torpaqlarımızın bütövlüyünə nail olmaqdır.



Teqlər: Cümhuriyyət  





Xəbər lenti