“Challenge Trophy” yarışının finalçıları müəyyənləşib

“Challenge Trophy” yarışının finalçıları müəyyənləşib
  03 İyun 2018    Oxunub:1624
Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının finalçıları məlum olub.
Azərbaycan Həndbol Federasiyasından AzVision.az-a verilən məlumata görə, yarımfinalda Lüksemburq həndbolçularını 32:20 hesabı ilə məğlub edən Belçika komandası adını finala yazdırıb. Onun rəqibi Estoniya yığmasından 30:24 hesabı ilə üstün olan Bosniya və Herseqovina kollektivi olacaq . Lüksemburq və Estoniya milliləri öz aralarında turnirin üçüncü yer sahibini müəyyənləşdirəcəklər.

Çarpaz oyunlarda Azərbaycan həndbolçuları Moldova təmsilçiləri ilə üz-üzə gəliblər. Görüş moldovalıların 32:22 hesablı üstünlüyü ilə yekunlaşıb. "KSPC Mejdan"da keçirilən matçın baş hakimləri Bosniya və herseqovinalı İvan Dzolic və İvan Sarac olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Luidmila Bodnieva və avstriyalı Helmut Ville təmsil edib.

Günün digər qarşılaşmasında isə Kipr yığması turnir ərzində ilk qələbəsini Böyük Britaniya millisi üzərində qazanıb - 24:19.

Beləliklə, təsəlliverici görüşlər çərçivəsində Moldova-Kipr, Azərbaycan-Böyük Britaniya oyunları keçiriləcək. Bununla da müvafiq olaraq 5-6 və 7-8-ci yerlərin sahibləri müəyyənləşəcək.

Turnirə iyunun 3-də yekun vurulacaq.

AzVision.az


Teqlər: Həndbol  





Xəbər lenti