Prezident Goranboyda yol açılışında iştirak edib
AzVision.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb. Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev yol