“Aqrolizinq”in rəhbəri səyyar müşavirə keçirib
Seymur Mövlayev deyib ki, taxıl biçini mövsümündə kombaynların dislokasiyası müəyyənləşdirilməli, çeviklik və operativlik təmin edilməlidir. “Aqrolizinq”in regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır. Bütün kombaynlar ehtiyat hissələri ilə təmin olunmalı, hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiqləşdirilməlidir. Risklər tam aradan qaldırılmalıdır. Əsas məqsəd taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir. ASC-nin İdarə Heyətinin sədri biçin mövsümündə regional nümayəndəliklərin istifadəsində olan kombaynların texniki cəhətdən işə hazırlıqlı olmasının vacibliyini diqqətə çatdırıb.
Səyyar müşavirədə qeyd edilib ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinqlər aparacaq, kombaynların dəqiq dislokasiyasını və nasazlıqların aradan qaldırılmasını operativ qaydada təmin edəcək. Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-nin çağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçün qərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.
AzVision.az
Teqlər: Aqrolizinq