Kreativ ideyaların reallaşdığı məkan - VİDEO+FOTOLAR

  11 İyun 2018    Oxunub : 6611
Kreativ ideyaların reallaşdığı məkan - VİDEO+FOTOLAR
İnsan həyatını asanlaşdırmaq, vaxta qənaet etmək və hər şeyin əl çatan olması üçün yeni texnikalar icad edilir, müxtəlif layihələr həyata keçirilir. Lakin həyatımıza təsir edəcək bir çox layihələr var ki, hələ də beyinlərdə startap mərhələsindədir və öz investorlarını gözləyir.


Gənclərin ideyalarının dəstəklənməsi, innovativ ideyalar bazasının formalaşdırılması, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və təkmilləşdirilməsi məqsədilə 2014-cü ildən fəaliyyətə başlayan Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinə bu günə qədər 300-ə yaxın layihə daxil olub və onlardan ən uğurlu 80 layihə müsbət qiymətləndirilərək Mərkəzdə yerləşdirilib.

Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələr yerli və xarici müsabiqələrdə nailiyyətlər qazanıb. Belə ki, Biznes İnkubatorda fəaliyyət göstərən 20-ə yaxın layihə kommersiyalaşaraq uğurlu şirkətlərə çevirilib. Buna Spinal, Neuron Technologies, Code Academy, WeTravel, CustomAR, GR8 və digərlərini misal göstərmək olar.



YTP-ya müraciət edənlər iş üçün bütün lazımi şəraitdən faydalanması ilə yanaşı, həmçinin daxili mütəxəssislərin, yerli və xarici mentorların dəstəyini alır, sərgilərdə, seminarlarda, tədbirlərdə, vebinarlarda iştirak hüququ qazanır.

“Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli AzVision.az-a bildirib ki, yaxın zamanlarda Yüksək Texnologiyalar Parkının nəzdində İnkubasiya Mərkəzi ilə yanaşı, Akselerasiya proqramına başlamaq planlaşdırılır.

“Akselerasiya proqramında startapların başlanğıc mərhələdən ivestisiya həddinə çatana qədər sürətli formada strukturlaşmasına, biznes plana çevrilməsinə və s. hazırlanmasında köməklik göstəririk”.



T.Kərimli qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə, Microsoft şirkətinin, İKT Fond və YTP təşkilatçılığı ilə bir müddət öncə başlayan və davam edən İdeyadan Biznesə Startap Tur layihəsinin məqsədi regionlarda startap hərəkatının formalaşması, yeni innovativ ideyaların araşdırılmasıdır. Hər regiondan qalib gələn 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanmış olurlar.

“Bəlli streotiplərin əksinə olaraq bu gün regionlarımızda yaxşı ideya müəllifləri də var. Məhz Mingəçevrdə qalib olan layihənin Tailandda patent alması buna bir misaldır"ş

Azərbaycanın hər zaman mühəndislər ölkəsi olduğunu vurğulayan direktor ideya müəlliflərinə hər zaman dəstək göstərildiyini bildirib. Təssüflər olsun ki, bu gün startap dedikdə veb saytlar və aplicationlar nəzərdə tutulur.



“Biz ilk neft tankerini icad etmiş, ilk neft quyusu qazmış, gen tarixində mühəndislik olan xalqıq. Fiziki ixtiralar da biz də çoxdur. Sadəcə onların ixtiralarının patentləşdirilməsində düzgün istiqamət vermək, hüquqi yardım etmək lazımdır. Startap heç də sırf gənclərə fokuslanmış anlayış deyil. İstənilən yaşda olan hər bir kəs startap ideyası varsa, cəsarətli olsun. İnvestorla ünsiyyətdə ən vacib faktorlardan biri layihəni təqdim etməkdir. Layihə nə qədər gözəl olsa da təqdimat zamanı nitq qabiliyyəti və yaxşı təqdim etmə önəmlidir. Çalışırıq ki, startapçılarımızın təqdimat qabiliyyətləri inkişaf esin”.



Biznes İnkubasiya Mərkəzində olduğumuz müddətdə bir neçə startapçı ilə həmsöhbət olmağa çalışırıq.

ADA Universitetinin IV kurs tələbəsi Sadıx Hüseynov “Builday” Applicationun yaradıcısıdır. Bu proqramla siz maraqlarınız ətrafında insanları toplaya bilərsiniz: “Bəzən olur ki, sizin maraqlarınız dostlarınız tərəfindən qarşılanmır. Məsələn, şahmat oyunamağı sevirsiniz, amma belə dostunuz yoxdur. Bu, mobil tətbiq sırf onlar üçündür. Siz bulvar ərazisində qaçmaq istəyirsiniz və tək olmaq istəmirsiniz. Siz artıq tətbiqə keçib, tədbir yaradıb və yaxınlıqda qaçmaqla, idmana maraqlı insanları cəlb edirsiniz. Tətbiqin “Facebook”dan fərqi ondadır ki, burada hər şey dərhal edilə bilir”.



Digər startap layihə isə biletlərdə QR code-dan istifadə edilməsi ilə bağlıdır. Rəhimə Rəhdari layihənin sentyabrda təşkil olunacaq Koreya festivalı çərçivəsində satılan biletlərdə tətbiq ediləcəyini deyib.Koreya mədəniyyətinə, musiqisinə, rəqsinə baxmaq istəyənlərin biletlərinin orjinallığı xüsusi QR code vasitəsilə bilənəcək.



“Handie smart əlcək” startapı BDU-nun 4-cü kurs tələbələri Azər Zeynalzadə və Murad Talıbovun layihəsidir. Sosial yönümlü layihə fiziki cəhətdən qüsurlu, görmə məhdudlu insanlar üçün nəzərdə tutulub. Bununla yanaşı, virtual realiti, hərbi sənayedə də bu əlcək istifadə oluna bilər.



“Hazırda prototip versiyadır. Layihənin üzərində 1 il yarım çalışmışıq. Cihazın üzərində olan sensorlara toxunuşlarla yazı yazmaq olur. Görmə qüsurlu insanlar üçün yazı yazmaq olduqca çətindir. Və demək olar ki, elə bir vasitə yoxdur. Klaviaturada yazmaq isə kifayət qədər çətindir. Ona görə də bu, onlar üçün rahat vasitə olacaq. Cihazda işləmə rejimini dəyişməklə digər funksiyaları da yerinə yetirə bilərik. Məsələn, televizoru yandırıb-söndürmək, oyun oynamaq, mahnı səsləndirmək, səs azaldıb-ucaltmaq və s. etmək mümkündür”.

Şahlar Paşayevin layihəsi isə sağlamlığa istiqamətlənib. Əsas məqsəd insanlara sürətli chek up xidməti verib, onların sağlamlığını dəyərləndirərək maarifləndirməkdir. www.saglikliyasamadestek.com mobil tətbiqi ilk dəfə Türkiyədə yaradılıb və istifadə edilib. Mobil proqram vasitəsilə qısa zamanda çox insanı chek up müayinədən keçirməklə, onların səhhəti barədə səhih məlumat əldə etmək olar.



“Hər istifadəçi burada 6 dəqiqədə xidmət alır və 44-ə qədər parametri ölçmək mümkündür. Nəticə anında sms və emaillə məlumat istifadəçiyə göndərilir. Burada əsas məqsəd sağlam insandan sağlam cəmiyyət inşa etməkdir. Bu sistem 2013-cü ildən Türkiyədə işləməyə başlayıb. “ASAN Xidmət”də bir il işlədi. Afrika ölkələrindən maraq çoxdur. Brundiyada təklif oldu, Namibiya və Cənubi Afrika ölkəsi ilə dövlət səviyyəsində danışıqlar aparıram. Gələcəkdə bu sistemin milyonlarla istifadəçisi olacaq”.

Müsahibə əsnasında biz də "chek up" müayinədən keçməyi unutmuruq. Qısa zamanda bir sıra parametrlər üzrə məlumatlarımızı həm telefon, həm də email vasitəsilə əldə edirik.



7 gün 24 saat ərzində işləyən Mərkəzə əsasən layihə rəhbərləri axşam saatlarında gəlir, layihələrini daha da təkmilləşdirmək istiqamətində işlər görürlər.

Hər bir layihə üçün zəruri olan növbəti mərhələ - investisiyadır. Burada yerli və xarici investorlarla görüşlər təşkil olunur və layihələr həmin investisiya yönümlü tədbirlərə YTP vasitəsi ilə cəlb olunur. Həmçinin, müəllif hüquqlarının qorunması və patentin alınmasına YTP-nın mütəxəssisləri tərəfindən köməklik göstərilir.



















Aytən Zəhra
Foto:Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: NRYTN   YTP   startap