Trampla Kimin imzaladığı sənədin detalları - Nüvə silahından imtina tələbi yoxdur

Trampla Kimin imzaladığı sənədin detalları - Nüvə silahından imtina tələbi yoxdur
  12 İyun 2018    Oxunub:1582
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapur sammitinin yekununda imzaladığı sənədlərin detalları bəlli olub.

AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, sənəddə deyilir ki, samitdə əldə olunan ikitərəfli razılaşmaların həyata keçirilməsi üçün bundan sonra xarici işlər nazirləri səviyyəsində görüşlər keçiriləcək. Bu mənada ABŞ dövlət katibi Mayk Pompeo ilk fürsətdə Şimali Koreyalı həmkarı Li Yon Ho ilə görüşəcək.

Tərəflər 1950-53-cü illərin Koreya müharibəsində həlak olmuş, yaxud itkin düşmüş Amerika əsgərlərinin qalıqlarının axtarılması və onların vətənə qaytarılması barədə də razılığa gəliblər.

Sənədə əsasən, ən vacib məsələ - Şimali Koreyanın nüvəsizləşdirilməsilə bağlı tərəflər razılığa gəliblər. Belə ki, Pxenyan Koreya yarımadasının nüvəsizlşdirilməsinə dair öhdəlik götürüb.

“27 aprel Phanmuncom bəyannaməsini təsdiqləyərək, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün Şimali Koreya tədbirlər görmək barədə öhdəlik götürür” – deyə sənəddə qeyd olunub. Həmçinin vurğulanıb ki, Pxenyan Koreya yarımadasının tam nüvəsizləşməsi məsələsinə sadiq olduğu müddətdə ABŞ da Şimali Koreyanın təhlükəsizliyinə zəmanət verməklə bağlı öhdəlik götürür.

Lakin diqqət çəkən məqam odur ki, liderlərin imzaladığı sənədlərdə Pxenyanın geriyə dönüşü olmayan və təcrübədə özünü doğruldan formada nüvə silahından tam imtina etməsi və qitələrarası ballistik raketlərinin məhv edilməsilə bağlı ABŞ-ın tələblərinə dair bir cümlə belə yoxdur.

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya  





Xəbər lenti