Afrikada 148 yaşlı Azərbaycan xalçası aşkarlanıb - FOTOLAR

  13 İyun 2018    Oxunub : 4117
Afrikada 148 yaşlı Azərbaycan xalçası aşkarlanıb - FOTOLAR
Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır. Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir.



Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir.



Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.



Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub. Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.

AzVision.az

Teqlər: Xalça