Nazir Qəbələdə vətəndaşları dinlədi

  22 İyun 2018    Oxunub : 2982
Nazir Qəbələdə vətəndaşları dinlədi
Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşlarla görüşüb.
Mədəniyyət Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllıŞamaxı rayonlarının sakinlərini qəbul edib. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin balansına verilməsi, Diyallı kənd Yaradıcılıq evinin dam örtüyünün təmir olunması və başqa məsələlər barədə olub.

Qəbələdən qəbula yazılan vətəndaşlar Xalq teatrının repertuarına uyğun səhnə əsərlərinin çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, İncəsənət məktəbində skripka sinfinin açılmasını təklif ediblər.

Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki tarixi abidələrin bərpa olunması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi, folklor qruplarına peşəkar mütəxəssislər tərəfindən köməklik göstərilməsi barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

AzVision.az

Teqlər: Nazir   Qəbələ   Qəbul