DÇ-2018: Almaniya və Braziliya üçün son şans

DÇ-2018: Almaniya və Braziliya üçün son şans
  27 İyun 2018    Oxunub:4856
Bu gün dünya çempionatında daha 4 oyun keçiriləcək.
AzVision.az-ın məlumatına görə, baş tutacaq oyunlarla E və F qruplarında mübarizəyə yekun vurulacaq.

F qrupunun lideri Meksika İsveçlə qarşılaşacaq. Almaniya isə Cənubi Koreya ilə üz-üzə gələcək. Bu qrupda Meksika lider olmasına baxmayaraq, hələ də 1/8 finala vəsiqəni təmin etməyib. Meksika İsveçlə oyunda 1 xal qazansa, qrup lideri kimi növbəti mərhələyə yüksələcək. İsveç, Cənubi Koreya və Almaniya növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır. Qrupun oyunları saat 18:00-da başlayacaq.

E qrupunda isə 3 komandanın 1/8 finala çıxma şansı var. Serbiya və Braziliya matçında serblər qalib gəlsə, növbəti mərhələyə adlayacaq. Braziliyanı isə 1 xal da qane edir. Mərhələ adlamaq baxımından İsveçrə millisinin işi nisbətən daha asandır. Onlar Kosta-Rika ilə görüşdə heç-heçəyə nail olsalar,1/8 finalda oynamaq imkanı əldə edəcəklər. Əgər Braziliya Serbiyaya qalib gəlsə, İsveçrə məğlub olsa belə mundialda yoluna davam edəcək. Qrupun oyunları saat 22:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Uruqvay, Rusiya, İspaniya, Portuqaliya, Fransa, Danimarka, Xorvatiya, Argentina, İngiltərə və Belçika 1/8 finala vəsiqə qazanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti