Millimiz tarixi uğurun astanasında – TƏHLİL

Millimiz tarixi uğurun astanasında – TƏHLİL
  14 Oktyabr 2013    Oxunub:1277
Azərbaycan-Rusiya. Bu da cari seçmə tsikldə millimizin keçirəcəyi sonuncu qarşılaşma. Üç gün öncə Şimali İrlandiyanı üstələməklə (2:0) qrup mərhələsində ilk qələbəsini qazanan və dördüncü pilləyə yüksələn Azərbaycan milli komandası uğurun davamını gətirmək əzmindədir.

Əslində, Berti Foqtsun komandası əsasən əhval-ruhiyyə komandası olduğundan üç gün öncə qələbə qazanan millimizdən şimal qonşumuzla oyunda da yaxşı nəticə gözləmək olar. Digər tərəfdən, qrup mərhələsinin sonuncudan əvvəlki matçında evdə büdrəyən Portuqaliyanın Rusiyanı üç xal irəli buraxması sabahkı qarşılaşmada Fabio Kopellonun “drujinası”na qrup liderliyi üçün bir xalın da kifayət etməsi anlamına gəlir ki, bu da Rusiya seçməsinin Bakıda heç də tam gücü ilə oynamaması deməkdir.

Dördüncü yer idddiası boyundan yuxarı tullanmaqdımı?

Sonuncu qrup matçı ərəfəsində aktivində 8 xal olan və Şimali İrlandiya və Lüksemburq yığmalarını iki xal qabaqlayan milli komandamızın tarixində ilk dəfə seçmə mərhələni dördüncü pillədə bitirmək imkanı var. Belə ki, millimiz heç-heçə etsə, Şimali İrlandiya bizi keçmək üçün İsraili 4 top fərqi ilə udmalıdır.

Lüksemburq yığması bizi arxada qoyması isə onların 12 top fərqli qələbəsi halında mümkün olacaq ki, bu da inandırcı deyil. Digər tərəfdən, əsas komandamız Rusiya ilə qarşılaşmadan xalsız ayrılsa belə, Şimali İrlandiyanın İsraildən, Lüksemburqun isə Portuqaliyadan üç xalla dönməsi inandırıcı olmadığından yığmamızın dördüncü sıranı tutması real görünür. Sabahkı oyunda qazanılacaq mümkün qələbə isə rəqiblərin matçının nəticəsindən asılı olmayaraq hədəfimizə çatmağımız demək olacaq.

Rusiya Şimali İrlandiya deyil

Şimali İrlandiya qarşısında inamlı təsir bağışlayan milli komandamızdan Rusiya qarşısında da eynisini gözləsək də, şimal qonşumuzun daha iddialı kollektiv olması bizi yığmamızın imkanlarından ehtiyatla danışmağa vadar edir. Məsələn, komandamızın müdafiə xətti mövqe səhvlərinə tez-tez yol verir ki, bu da Rusiya matçında bizə baha başa gələ bilər. İndiki halda ən optimal variant milli komandamızın potensialına uyğun futbol sərgiləməsi olardı. Oyunboyu gücünü düzgün paylaşdırmalı, fiziki cəhətdən rəqiblə başabaş oynamağı bacarmalıdır. Cari seçmə tsikldə qapısında gördüyü 10 topdan 9-nu oyunun 60-cı dəqiqəsindən sonra buraxan milli komandamızın son 30 dəqiqədə qənaətbəxş çıxış etmədiyini göstərir.

Milli necə oynamalıdır?

İlk baxışdan Berti Foqtsun “qalib heyəti dəyişməzlər” prinsipini əsas tutaraq Şimali İrlandiya qarşısındakı “onbirliy”ə bel bağlayacağını düşünmək olar. Amma ötən matçda cəzalı olan Ruslan Abışovun sıraya dönməsi və Şimali İrlandiya ilə görüşdə cəzalı duruma düşən Rasim Ramaldanovun oyunu baraxacaq olması heyətdə dəyişiklik edilmsəini qaçılmaz edir. Mövcud durumda Berti Foqtsun millinin oyun tərzi ilə uzlaşan ənənəvi 4-5-1 taktiki sxeminə üstünlük verməsi daha yaxşı olardı.

Düzdür, son matçda hücumçulardan həm Rauf Əliyev, həm də Rüfət Dadaşov meydanda olduğundan yığmanın daha çox 4-4-2 taktiki düzülüşü ilə oynadığını düçünmək olar. Ancaq Rauf Əliyev Rüfət Dadaşovdan nisbətən geridə yer aldığndan komandamzın daha müdafiəyəmeyilli çıxış etdiyini demək olar. Komandamızın gözlənilən start heyətinə gəlincə, qapını Kamran Ağayevin qorumasına şübhə yeri olmadığı kimi, Rəşad Sadıqov, Mahir Şükürov və Elnur Allahverdiyevin də ilk dəqiqələrdən meydanda olması gözləniləndir. Ötən oyun vərəqə limitini dolduran Rasim Ramaldanovu isə Vlodimir Levinin əvəzləyəcəyini ehtimal etmək olar. Orta xəttdə ötən matçda çıxış edən Qara Qarayevi Ruslan Abışovun əvəzləməsi ağılaabatandır.

Digər dayaq yarımmüdafiəçisinin Rahid Əmirquliyev olması, Araz Abdullayev və Vüqar Nadirovun isə müvafiq olaraq yarımmüdafiənin sağ və sol cinahlarında çıxış etməsi inandırıcıdır. Amma bununla belə, Şimali İrlandiya qarşısında əvəzlənən Vüqar Nadirovu son dünya çempionatının seçmə mərhələsində Bakıda Rusiya yığmasının qapısına yol tapan Vaqif Cavadovun əvəzləməsi də sürpriz kimi qiymətləndirilməməlidir. Hücum xəttində yer alacaq forvardlardan Rüfət Dadaşov hücumun sivri ucunda, Rauf Əliyevsə onun nisbətən gerisində yer alacaq.

Rusiya ilə 4-cu duel

Məlum olduğu kimi, sabahkı qarşılaşma iki ölkə milli komandasının ilk dueli olmayacaq. Belə ki, tərəflər indiyə qədər artıq üç dəfə qarşılaşıb. İlk dəfə sonuncu dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2009-cu ilin martında Moskvada üz-üzə gələn yığmaların matçından meydan sahibləri 2:0 hesabı ilə qalib ayrılmışdı. Həmin ilin oktyabrında Bakıda baş tutan matç isə heç-heçə (1:1) başa çatmışdı. Komandaların hələlik sonuncu olan qarşılaşması isə cari seçmə mərhələdə - ötən ilin oktyabrında Moskvada keçirilmiş və Rusiya millisinin minimal hesablı qələbəsi ilə başa çatmışdı.

30-cu dəfə oktyabrda

Sabah doğma meydanda Rusiya millisini qəbul edəcək Azərbaycan yığması tarixi ərzində 30-cu dəfə oktyabr ayında meydana çıxacaq. Bu aya təsadüf edən rəsmi oyunlarda yalnız Lixtenşteyn, Finlandiya və Türkiyə milli komandalarını məğlub edən, Rusiya millisiylə isə heç-heçə oynayan (1:1) komandamız digər qarşılaşmalarda isə uğurlu nəticə qazana bilməyib.

Millimiz üçün serbiyalı

Yeri gəlmişkən xatırladaq ki, sabah yerli vaxtla saat 22:00-da “Bakcell Arena”da keçiriləcək matçı serbiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Milorad Majiç, yan xətt hakimləri isə Milovan Ristiç və Dalibor Circeviç olacaq.

Məlumat üçün bildirək ki, sözügedən oyunun baş hakimi Milorad Majiç buna qədər əsas komandamızın görüşünə təyinat almasa da, 2010-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində Bakı “İnter”inin “Lex”lə (Polşa) səfər matçını idarə edib. Həmin qarşılaşmanın əsas vaxtında “bankirlər” 1:0 hesabı ilə qələbə qazanmışdılar. Bakıda keçirilən ilk oyunda polyaklar eyni hesabla qələbə qazandıqlarından qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılmışdı. Əlavə vaxtda da hesab dəyişmədiyindən turu keçən komandanın adı penaltilər seriyasında müəyyənləşmişdi ki, bu da “Lex” olmuşdu.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti