Bakıda və bəzi rayonlarda işıq problemi həll olunub - (VİDEO)
Energetika nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə məlumat yayıblar.
Bildirilib ki, bir neçə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.
İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.
Artıq Azərbaycanın bəzi rayonlarında, eləcə də paytaxt Bakıda elektrik enerjinin verilişi bərpa olunub.
"Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, artıq Mingəçevir İES-də baş vermiş qəzanın nəticələri aradan qaldırılmaq üzrədir.
Qurum rəsmisi qeyd edib ki, anomal hava şəraitinin davam etməsi ilə əlaqədar "Azərenerji" gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
***
Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə operativ məəlumatında bildirilib ki, elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabunçu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub.
"Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib. Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcəkdir. Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhəli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir", - deyə məlumatda qeyd olunub.
İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir.
AzVision.az
Teqlər: İşıq