Amerikalı tələbələr Azərbaycan dilini öyrənirlər

Amerikalı tələbələr Azərbaycan dilini öyrənirlər
  03 İyul 2018    Oxunub:1649
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Azərbaycan dilini öyrənmək məqsədilə ölkəmizə gələn amerikalı tələbələrlə görüşüb.
ADU-dan AzVision.az-a verilən məlumata görə, görüşdə əcnəbi tələbələrin Azərbaycan dilini öyrənməsini yüksək dəyərləndirən K.Abdulla dili mədəniyyətdən kənarda öyrənməyin mümkün olmadığını deyib. O, bu baxımdan tələbələrə Azərbaycan dili ilə yanaşı, mədəniyyətimizin komponentlərini də öyrənməyi tövsiyə edib. Diqqətə çatdırılıb ki, onuncu əsrdən etibarən Azərbaycan dili, mədəniyyəti geniş coğrafi ərazidə yayılaraq qonşuların və Avropa xalqlarının diqqətini cəlb etməyə başlayıb. Həmin dövrdə regionda güclü mövqeyə malik olan Azərbaycan dilində “Kitabi-Dədə Qorqud” kimi məşhur epik abidələr yaranıb. Rektor, həmçinin XIX-XX əsrlərdə ölkəmizin mədəni, iqtisadi həyatında cərəyan edən hadisələrdən danışıb.



Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyəti barədə amerikalı tələbələrə geniş məlumat verən K.Abdulla Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişini xalqımızın taleyində dönüş nöqtəsi kimi xarakterizə edib. O deyib: “Ümummilli Lider xalqını bütün qəlbi ilə sevən, tarixini, mədəniyyətini qiymətləndirən və təbliğ edən, onun dilinə, ədəbiyyatına qəlbində böyük vurğunluq bəsləyən bir insan olub. O, hakimiyyəti dövründə Azərbaycan dilinin, mədəniyyətinin və mədəniyyət xadimlərinin dünyada tanınması istiqamətində bütün siyasi imkanlardan istifadə edib. Həmin dövrdə Nizaminin, Füzulinin, Nəsiminin, müxtəlif Azərbaycan yazıçılarının və şairlərinin, bəstəkarlarının, mədəniyyət xadimlərinin əsərləri, yaradıcılıqları təhlil olunmağa başlanıb. Beləliklə, Azərbaycan cəmiyyəti keçmişini daha aydın görmək imkanı əldə edib. Təbii ki, Ulu Öndərin Azərbaycan üçün etmək istədikləri sovet rejiminin çərçivəsində tamamilə mümkün ola bilməzdi. Amma biz 20 Yanvar hadisələrində Ümummilli Liderin xalqına sədaqətinin bir daha şahidi olduq”.

Prezident İlham Əliyevin siyasi fəaliyyəti və xidmətlərindən də danışan rektor bildirib ki, dövlətimizin başçısı Azərbaycanı geniş siyasi, ictimai, iqtisadi, hərbi inkişaf yoluna çıxarıb. “Bu gün Azərbaycan bölgənin ən inkişaf etmiş ölkələrindəndir. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri xalqımızın kökündə, tarixində olan dəyərləri bir daha yenidən bu xalqın, dünyanın diqqətinə çatdırmasıdır. Bu istiqamətdə onun gördüyü ən böyük işlərdən biri Azərbaycan multikulturalizmini bütün dünyanın diqqətinə təqdim etməsidir”, - deyə K.Abdulla vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti barədə məlumat verən rektor diqqətə çatdırıb ki, bu qurum multikulturalizmin təkcə Azərbaycanda deyil, dünyada inkişaf etməsi istiqamətində əhəmiyyətli işlər görür.

Qeyd edək ki, amerikalı tələbələr Azərbaycan dilini ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı çərçivəsində öyrənirlər.

AzVision.az


Teqlər: ADU  





Xəbər lenti