İran ABŞ-ı OPEK-i manipulyasiya etməkdə günahlandırır

İran ABŞ-ı OPEK-i manipulyasiya etməkdə günahlandırır
  07 İyul 2018    Oxunub:3237
Dünya bazarında qiymətlərin aşağı düşməsi üçün OPEK-dən neft istehsalını artırmasını tələb etməklə ABŞ prezidenti Donald Tramp OPEK-ə üzv ölkələri təhqir edir.
AzVision.az xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zanqane deyib. Onun sözlərinə görə, Tramp OPEK ölkələrini manipulyasiya etmək istəyir. Lakin Vaşinqtonun təzyiqlərinə baxmayaraq, İranın neft hasilatı və ixracı dəyişməyib.

Çərşənbə günü Tramp OPEK ölkələrini dünya bazarında neft qiymətlərinin artmasına şərait yaratmaqda ittiham edib və Səudiyyə Ərəbistanına ultimatum verib ki, əgər Vaşinqtonun onu regiondakı başlıca rəqibi İrana qarşı qorumağa davam etməsini istəyirsə, daha çox neft istehsal etsin.

“Cənab Tramp hər gün bazarda qeyri-əminlik yaradacaq yeni mesaj göndərir. Trampın neft hasilatını artırmaqla bağlı OPEK ölkələrinə əmr verməsi təşkilatın üzvü olan hökumət və xalqlara qarşı təhqirdir və dünya neft bazarında sabitliyi pozur”, – deyə Zanqane bəyan edib.

İranın neft naziri həmçinin, Tehranla Vaşinqton arasındakı gərginliyi “ticarət müharibəsi” adlandırıb.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, noyabrdan etibarən Tehrana qarşı enerji sanksiyalarını bərpa edəcəyini deyib. Vaşinqton hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edir. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində artıq dünən Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   OPEK   CənubiKoreya  





Xəbər lenti