Borçalıda ikiqat bayram

Borçalıda ikiqat bayram
  16 Oktyabr 2013    Oxunub:1238
Oktyabrın 15-də azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi rayonlarında Müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib.

Marneulideki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov Müqəddəs Qurban bayramı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibəti ilə soydaşlarımızı ürəkdən təbrik edib, onlara sülh, sevinc və əmin-amanlıq arzulayıb.

Marneuli rayon mərkəzində, həmçinin rayonun Baydar, Kürtlər, Muğanlı və Lejbədin kəndlərində 500-dən artıq aztəminatlı ailələrə Qurban sovqatları verilib. AMM-in əməkdaşlarının təşkilatçılığı ilə Ermənistanla sərhəddə yerləşən Xocornu və Sopi kəndlərində yaşayan 100-ə yaxın ailəyə də Qurban payları paylanılıb.

AMM-nin rəhbəri Fazil Həsənov jurnalistlərə açıqlamasında bu gün yalnız Marneuli şəhərində və digər kəndlərdə deyil, eyni zamanda sərhədyanı kəndlərdə yaşayan aztəminatlı ailələrə də Qurban sovqatları verdiklərini bildirib: “Biz, əsasən imkansız ailələrə Qurban payları verdik. Əməkdaşlarımız bu gün həm sərhədyanı kəndlərdə, həm də Marneuli rayonunun digər kəndlərində olub, ümumilikdə 600-dən artıq ailəyə Qurban sovqatı verilmişdir. Biz belə tədbirləri hər il həyata keçiririk. Lakin bu gün soydaşlarımız üçün ikiqat bayramdır. Doğma yurdlarında firavanlıq, əmin-amanlıq şəraitində yaşadıqlarına görə xalqımızın Milli Lideri Heydər Əliyev şəxsiyyətinə borclu olan borçalılılar həm Müqəddəs Qurban bayramını, həm də Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin vətəndaşların böyük etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini yüksək sevinclə qeyd edirlər”.


Fazil Həsənov həmçinin bildirib ki, bayram tədbirləri eyni zamanda Gürcüstanın digər bölgələri ilə yanaşı, Dmanisi rayon mərkəzində və rayonun digər kəndlərində də davam edib: “Dmanisi rayonunun mərkəzində müasir üslubda inşa edilmiş “Heydər Əliyev Mərkəzi”nin qarşısında təntənəli bayram ovqatı yaşanıb. Rayon ziyalıları, ağsaqqalları Müqəddəs Qurban bayramı münasibəti ilə xalqımıza əmin-amanlıq arzulamış, gürcü və azərbaycan xalqlarının dostluğunun qarantı kimi hər iki ölkənin dövlət başçılarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda cənab İlham Əliyevə seçkilərdə qazandığı parlaq qələbə münasibəti ilə gələcək işlərində uğurlar diləyiblər. Rayon mərkəzi ilə yanaşı, rayonun digər kəndlərində yaşayan 250-dən artıq aztəminatlı ailələrə Qurban sovqatları verilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti