Azərbaycana “hibrid müharibə” elan olunub – TƏHLİL

Azərbaycana “hibrid müharibə” elan olunub – TƏHLİL
  11 İyul 2018    Oxunub:47020
Açıq danışsaq, Gəncədə etiraz aksiyasının olacağına heç kim inanmırdı. Məhz buna görə heç bir ciddi media orqanı ora öz müxbirini göndərməmişdi və məhz buna görə də sonradan hamı baş verənləri İranın təbliğat ruporu olan bir saytın çadralı müxbirinin “ah-uf” səsləri çıxara-çıxara telefonuna çəkdiyi “reportaj”dan izləməli oldu. Bunun özü də çox ciddi bir sualdır ki, ölkənin siyasi-ictimai həyatında heç bir çəkisi və yeri olmayan iranpərəst sayt nəyə görə həmin vaxt Gəncəyə müxbir ezam etməyi vacib saymışdı?..
Əslində Gəncədə etiraz aksiyasının olacağına inanmayanlar haqlı idilər: Doğrudan da, Gəncədə heç bir etiraz aksiyası olmadı. Baş verən hadisəyə müxtəlif adlar qoya bilərik, amma bu, heç bir halda “etiraz aksiyası”, “mitinq” deyildi. Sosial şəbəkədə yayılmış bütün videolarda aşkar görünür: İcra Hakimiyyətinin qabağındakı parkda insanlar gəzişir, isti yay gününün axşamında ailəlikcə istirahət edirlər...
Bu vaxt kənarda bir qrup soyuq silahla, daha dəqiqi, xəncər və qılıncla polisə hücum çəkib. Aydındır ki, onlar məhz elə polisə hücum çəkmək üçün gəlmişdilər: Axı norma halda kim mitinqə gedəndə özü ilə xəncər və qılınc götürür?



Bu hadisə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsdin məntiqi davamı olmaqla, bir neçə vacib nəticənin çıxarılması üçün əsas verdi. Əvvəla, aydın oldu ki, terror aktı sadəcə, Vəliyevə atəş açmaqla bitməyibmiş. Həmin atəş sadəcə, planın birinci mərhələsi olub. İki polis zabitinin qətli Elmar Vəliyevə hücumun onun “əzazilliyi”, “əhalini incitməsi” ilə bağlı olması haqda söhbətlərə də nöqtə qoydu. Yaxşı, lap tutaq ki, Elmar Vəliyev doğrudan da, deyildiyi kimi, pis və zalım adam imiş... Bəs axı qətlə yetirilən zabitlərimizin haqqında ancaq yaxşı sözlər deyilir, hamı birmənalı şəkildə onların çox yaxşı, dəyərli insan olduqlarını söyləyirlər... Aha! Demək ki, məsələ pis, yaxud yaxşı adam olmaqda deyilmiş, terror şəbəkəsi bu insanları əvvəlcədən hədəfə alıbmış.

Biz niyə “terror şəbəkəsi” dedik? Bir halda ki, Gəncə terroru hadisə yox, prosesdir, demək, bütün bu addımları əvvəlcədən planlaşdıran bir mərkəz, yaxud struktur fəaliyyət göstərir, hadisələri də pərdə arxasından o idarə edir. Onun nə struktur olduğunu biz hələ ki, bilmirik, ortada ancaq ehtimallar var. Aşkar görünən tərəf hələ ki, ancaq din amili və radikal şiə düşüncəli şəxslərin aktiv şəkildə hadisələrə dəstək verməsidir. Avropada daldalanıb, özünü “mühacir” adlandıran şəbəkə isə ortaya soxulub, hay-küy salmaqla sadəcə, suyu bulandırır. Əslində isə onlar da ənənəvi radikal müxalifət kimi real prosesdən kənardadırlar – o dərəcədə ki, hətta məsələlərə necə reaksiya verməyi də aydın təsəvvür etmirlər.

Maraqlısı odur ki, terror aktlarına bağlı olanlar heç simalarını gizlətməyə də çalışmırlar. Hər birinin özünün də, ailəsinin də, yaxın ətrafının da radikal şiə fundamentalizmilə əlaqəsi açıq-aşkar ortadadır. Sanki bilərəkdən ideolji bağlılıqlarını nümayiş etdirirlər. Eynilə Gəncədə polisə hücum edilərkən aşkar səslənən “Allahü-Əkbər” sədaları kimi. Şiə fundamentalistlərindən başqa daha kim Gəncəni “İmam Hüseyn şəhəri” adlandıra və onun uğrunda mübarizə apardığını elan edə bilərdi? Kim Aşura məsələsini gətirib icra başısına sui-qəsd edilməsinə bağlayardı?
Amma niyə onlar bütün bunları açıq şəkildə edir, niyyətlərini başqa pərdə altında gizlətməyə hətta çalışmırlar da? Fikir verin ki, radikal şiə şəbəkəsilə əlaqəsi olmayan şəxslər, o cümlədən Avropadakı siyasi bağırsaq çöpləri ciddi-cəhdlə terroru sosial narazılıqla bağlamağa çalışırlar. Amma dini radikalların özləri əsla yox; özləri heç buna cəhd belə etmir və açıq şəkildə elə dini səbəblər də göstərirlər. Niyə?

Təkcə Azərbaycanda yox, bütün bölgədəki, eləcə də bütün Yaxın Şərqdəki ekstremist şiə qruplarının hamısı uzağı bir-iki mərkəzə bağlıdır. Əgər onlardan hansınınsa Azərbaycanla ciddi problemi olsaydı, şiə ekstremizminin bizə əl, daha doğrusu, qılınc qaldırmasını bəlkə də başa düşmək olardı. Amma ən azından, üzdə heç bir problem görünmür axı... Bəlkə, alt qatda, diplomatik çadraların altında bizim bildəyimiz hansısa gərginliklər gizlənib? Bəlkə bu yolla Azərbaycana nəyə görəsə xəbərdarlıq edilir? Ehtimal etmək olar, hətta gizli nifaq üçün mümkün səbəblər də göstərə bilərik, amma indi önəmli olan işin bu tərəfi deyil. İndiki anda vacib məqam budur ki, ölkədə radikal şiə ideologiyası əsasında qurulmuş bir terror şəbəkəsi fəaliyyət göstərir və nə qədər ki, onun kökləri qazılmayıb, təhlükənin tam sovuşduğunu demək olmayacaq.

Beləcə, soyuq məntiqlə hadisələri təhlil edəndə yaranan mənzərə budur:
1)
Ölkədə aktiv ekstremist şiə şəbəkəsi mövcuddur, onun bir çox təhlükəli üzvləri azadlıqdadır və fəaliyyətlərinə davam edir;
2) Bu şəbəkə ilə birbaşa əlaqəli olmasa da, xaricdəki anti-Azərbaycan mərkəzi ona sıx informasiya dəstəyi verir və yaranan ajiotajdan öz məqsədi üçün faydalanmağa çalışır. Nəticədə ictimai fikirlə təhlükəli manipulyasiya edilir;
3) Siyasi savadı aşağı olan bəzi vətəndaşlar hadisələrə sosial etiraz mahiyyəti yükləməklə özləri ciddi yanılır və fikirlərini tirajlamaqla, başqalarını da çaşdırırlar.

Belə bir vəziyyətdə hər kəsin düzgün addımlar atması üçün qurulan oyunun mahiyyəti və məqsədlərini anlamaq lazımdır. Mahiyyəti haqqında ipucu verdik, məqsədlərə gəlincə, unutmayaq: Biz son illərdə həmişə bununla fəxr etmişik ki, Azərbaycan gərginliklər dənizində sabitlik adasıdır. İndi isə qısa vaxt ərzində icra başçısına sui-qəsd edilir, ardınca iki polis yetkilisi öldürülür. Dünənə qədər kimsə təsəvvür edə bilərdimi ki, Azərbaycanda hər kəsin gözü qarşısında iki polis polkovniki birdən öldürülsün?! Demək, məqsəd ölkənin "sabitlik adası" imicini məhv etməkdir. Məqsədin nə olmasından asılı olmayaraq, bu terror şəbəkəsinin arxasında duranlar bizim “Sabitlik adamızı” əlimizdən almaq istəyirlər.

Belə bir vəziyyətdə artıq məsələyə siyasi, yaxud sosial prizmadan baxmaq sənin ölkənə gizli savaş elan etmiş bir şəbəkənin ssenarisində rol almaq deməkdir. Yada salaq, “ərəb baharı” adlanan proses də sosial şəbəkədə aparılan təbliğat və dövlət rəsmilərinə sui-qəsdlərin edilməsilə başlamışdı. Əgər “ərəb baharı”nın dəhşətli nəticələrini istəmiriksə, oxşar başlanğıcdan da çəkinməliyik. Çünki nə az-nə çox, ölkədəki sabitliyin qorunmasından söhbət gedir.

Vəziyyətin təhlili göstərir ki, terror şəbəkəsi əvvəlcədən işin informasiya tərəfini də ciddi və dərindən planlaşdırıb. Xüsusi səhifələr, profillər açılıb, bloqqerlər yetişdirilib və ələ alınıb, saytlar yaradılıb. İndi onlar fəal şəkildə terrora ideoloji dəstək verirlər. Bu, artıq konkret olaraq “hibrid müharibə” deməkdir. İndiki məqamda informasiya meydanında məsuliyyətsizlik sadəcə məsuliyyətsizlik deyil, “hibrid müharibə”də öz ölkəsinə qarşı güllə atmaqdır. Ən azından vəziyyət tam aydınlaşana və terror şəbəkəsi bütövlükdə ifşa olunana qədər məsəlyə ancaq bir prizmadan – dövlət və dövlətçilik bucağından baxmaq lazımdır.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Gəncə-hadisləri   Gəncə  





Xəbər lenti