Sahibkorluq sindromu: Ölkəyə “xidmətçilər” yox, istehsalçılar lazımdır – TƏHLİL

  12 İyul 2018    Oxunub : 5823
Sahibkorluq sindromu: Ölkəyə “xidmətçilər” yox, istehsalçılar lazımdır – TƏHLİL
Dünyanın heç bir ölkəsində sahibkarlığa Azərbaycandakı qədər dəstək göstərilmir desəm, yanılmaram. Söhbət həm maddi, həm də mənəvi dəstəkdən gedir. Və bu, artıq neçə ildir ki, belədir. Hər il müvafiq maliyyə vəsaitlərinin ayrılması, müəyyən güzəştlərin tədbiq olunması, təzyiq elementlərinin getdikcə minimallaşdırılması, təşviq və təbliğ işləri çoxdan ənənəvi xarakter daşıyır.
Ancaq bütün bunların effekti təəssüf ki, özünü çox ləng büruzə verməkdədir. Ona görə də, hökumətin dövlət başçımızın sədrliyi ilə keçirilən, ötən 6 ay ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında birmənalı olaraq qeyd edildi ki, iqtisadi islahatları dərinləşdirmək üçün sahibkarlara böyük ümid bəslənilir.

Başqa sözlə desəm, sahibkarlardan böyük fəaliyyət gözlənilir. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə onlara 2,2 milyard manat güzəştli kreditlər verilib. 2018-ci ildə də 170 milyon manat ayrılacaq. Bunun böyük hissəsi artıq verilib. Qalan hissəsi də 2-ci yarım ildə veriləcək. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir, xaricdə ticarət evləri açılır, onlara ölkədən kənara öz ixrac imkanlarını genişləndirmələri üçün şərait yaradılır.

Düzdür, 2,2 milyard manatın hesabına ölkədə 163 min yeni iş yerinin açıldığı deyilir. Ancaq iclasda Prezident İlham Əliyev özü qeyd etdi ki, qeyri-neft məhsullarının ixracının artırılmasına dövlət sahibkarlardan daha çox çalışır: "Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə də, dövlət bütün bu işləri öz üzərinə götürüb". Sual olunur ki, niyə?

Bu suala belə cavab verə bilərik: Çünki bizdə sahibkarlar ancaq tez qazanc arxasınca qaçırlar. Uzunmüddətli stabil və sabit gəlir mənbəyi haqda düşünmürlər. Bəli, iclasda iqtisadiyyat naziri Şahin Mustafayevin çıxışında bildirdiyi kimi, 2018-ci ilin ilk 5 ayı ərzində qeyri-neft ixracı 20%, o cümlədən, sənaye məhsulları 27, kənd təsərrüfatı məhsulları 22, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34% artıb. Yəni, xüsusən, son illər ərzində görülən tədbirlər nəticəsində ixrac məhsullarının çeşidi genişlənib. 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiya yatırılıb və 19 minədək yeni iş yeri açılıb. Amma yenə də, sahibkarlar tərəfindən ixracla bağlı səylərin artırılmasına böyük ehtiyac var. Belə ki, Prezident demişkən, onlar passivdirlər. Bəs, buna səbəb nədir?

Əvvəllər də yazmışdıq ki, ölkəmizdə “sahibkar” adlananların 99%-i “başını işlətmir” və ya, bunu istəmir... Belə ki, kimin əlinə bir az pul düşürsə, ticarətə və ya xidmət obyektinə qoyur. Yəni kənardan - Dubaydan və Türkiyədən "bərkgedən" mallar gətirib satır, işlərini də bununla bitmiş hesab edirlər. Odur ki, birinci növbədə bax, bu cür “biznes” yanaşma tərzindən qurtulmalıyıq. Tənbəlliyin, passivliyin daşını atmalı və "mədəyə xidmət" düşüncəsindən yaxa qutarmağa çalışmalıyıq. Ağac diblərində yeməkxana, küçələrdə restoran, budka, yaxud lap elə, dəbdəbəli otellər və sair açmaq, sahibkarlıq fəaliyyəti demək deyil. Sahibkar istehsalçı olmalıdır, xidmətçi yox!.. İstehsal etdiyin məhsulu ixrac etmək olur, xidməti isə yox! İqtisadi aktivlik və artım da, istehsal sahələrinin üzərində durmalıdır.

Ümumiyyətlə, nə qədər ki, iqtisadi artım dinamikası xidmət sferasının üzərində dayanır, inflyasiya, qiymət və sair amillər də görülən işlərə görə deyil, istehlaka əsasən təşəkkül tapır və tapacaq. Bunu nəzərə almaq lazımdır.

Yeri gəlmişkən, bizdə inflyasiya demək olar, yüzdə yüz istehlakçı, yəni alıcı kütləsinin hərəkəti nəticəsində yaranır, normal bazar iqtisadiyyatı olan ölkələrdə isə istehsalçının. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyətinin... Yəni, bizdə istehlakçının xərcləri artırsa, qiymətlər yüksəlir, onlarda isə istehsalçıların – sahibkarların... Ona görə də Avropada və Amerikada (ABŞ-da) inflyasiya adətən, aşağı olanda narahatçılıq yaranır, bizdə isə əksinə, yuxarı olanda...

Sözün qısası, sahibkarlar dövlətin ölkənin mövcud ixrac potensialından tam istifadə olunması üçün gördüyü işlərə, atdığı addımlara adekvat cavab verməlidilər. Onlar iqtisadi və maliyyə dəstəyindən bilavasitə bu və ya digər istehsalın təşkili üçün istifadə etməlidirlər. Çünki, dəstək durmadan davam etdirilir.

Sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması üçün imkan yaranıb.

Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib ki, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb və artıq, portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Sahibkarlıq   İstehsal