Din dövrü bitmək üzrədir, elm dövrü başlayır – Qalib Əsədov

Din dövrü bitmək üzrədir, elm dövrü başlayır – Qalib Əsədov
  16 İyul 2018    Oxunub:68549
Qalib Əsədov*
AzVision.az üçün

İlk insanların təbiətə, xüsusən də ağlın gücüylə izah edə bilməyəcəkləri hadisələrə maraqları vardı. Bu sirrləri çözmək üçün geniş tanrılar və ilahələr sinfi yaratdılar. Onların köməyilə ildırım, zəlzələ, vulkan, quraqlıq, xəstəliklər və hətta sevgi kimi özəl anlayışların səbəbini açıqlayırdılar.
Qədim yunanlar dənizdəki qabarmanı Poseydunun dəyişən əhvali-ruhiyyəsilə izah edirdilər. Qışın gəlməsinin səbəbi Persefonanın yer altına qaçırılması üzündən dünyanın kədərlənməsi idi. Romalılar vulkanların tanrıların nalbəndi Vulkanın evi olduğuna inanırdılar; “Vilkan dağın altındakı nəhəng bir dəmirçixanada çalışır və bacadan alovların fışqırmasına səbəb olur”,- deyirdilər.

Antik insanlar təkcə təbiətdə deyil, öz bədənlərindəki sirrləri açıqlamaq üçün də saysız-hesabsız tanrılar icad etmişdilər. İlahə Heranın gözündən düşmək sonsuzluğun səbəbi idi. Sevginin səbəbi Amorun hədəfi olmaq idi, epidemiyalar isə Apollonun qəzəbindən xəbər verirdilər. Qədim insanlar ətrafda anlamadıqları şeylər gördükdə, bu boşluqları tanrılarla doldururdular.

Lakin insanlar öyrənməyə davam edir və bilikləri getdikcə artırdı. Təbiətin sirrləri aşkar olduqca tanrıların sayı azalmağa başladı. Məsələn, dənizlərdəki qabarmalara Ayın səbəb olduğunu öyrəndikdən sonra artıq Poseydona ehtiyac qalmadı. Bu gün biz onu cahil dövrün əfsanəsi kimi ədəbiyyatdan öyrənirik. Digər tanrıların da aqibəti eyni cür oldu. Zəkamız artdıqca bu tanrılar bir-birinin dalınca öldülər.

Lakin bu proses elə də asanlıqla baş vermirdi. Bir mədəniyyətin inanclarını tərk etməsi çox ağrılı bir prosesdir. Dini inanclar daha kiçik yaşlarda çox sevdiyimiz və güvəndiyimiz insanlar – valideynlər, müəllimlər, lider hesab etdiyimiz şəxslər vasitəsilə beynimizə yeridilir. Bu səbəblə də illərlə sürən dini dəyişikliklər qan tökülməsinə və böyük fəlakətlərə səbəb olurdu.

Tanrılar ölsə də, biri - ən qorxulanı və ən hörmət ediləni olan Zevs qaldı. Zevs yox olmağa digər tanrılardan daha çox müqavimət göstərdi. İşığının söndürülməsinə hiddətlənib, yox oluncaya qədər vəhşi müharibələr başlatdı. Zevsin müridləri tanrılarını buraxmamaq üçün elə müqavimət göstərdilər ki, yeni yaranan dinin tərəfdarları - xristianların Tanrınınn yeni sifətinin Zevsə oxşatmaqdan başqa əlacı qalmadı.

Bu gün biz keçi tərəfindən yetişdirilib, tək gözlü Cyclopes (Tsiklop) kimi canavardan güc alan Zevsə və buna bənzər əfsanələrə inanmırıq. Modern düşüncə sayəsində bu kimi misallar bizim üçün bir mifdir. Qədim insanların inancının xəyali hekayələr olduğunu bilirik. Artıq işlər dəyişib. Bizlər modern insanlarıq. Zəkası kamilləşmiş və texnologiyadan yararlanaraq, böyük işlər görən toplumuq. Vulkanların altında çalışan nəhəng dəmirçixanalara və ya ilin fəsillərini dəyişən tanrılara inanmırıq. Qədim babalarımza heç bənzəmirik... YOXSA, BƏNZƏYİRİK?..

Özümüzə ağıllı, modern, kamilliyin zirvəsinə çatmış insanlar deyirik. Amma dünyamızda geniş yayılmış dinlər çox sayda möcüzəvi iddialar irəli sürür və milyardlarla insan buna inanır. Qiyamət günü bütün ölülər izaholunmaz şəkildə dirilir, biz günah işlətdiyimizə görə intiqamçı tanrı tərəfindən xəstəliklər göndərilir, zəlzələlər olur, sellər və digər təbii fəlakətlər baş verir. İnanırıq ki, öləndən sonra ya cənnətdə əbədi kef içində yaşayacaq, ya da cəhənnəmin alovlarında yanacağıq.

Mənə bir şey maraqlı gəldi və bunu xəyal etməyə çalışdım. Gələcək tarixçilər və antropoloqlar bizim haqqımızda nə düşünəcəklər? Onlar keçmişə baxıb, dəyərləndirərkən bugünkü dini inanclarımızı “cahiliyyət dövrünə aid miflər” sinfinə aid edəcəklərmi? Bugünkü Allaha da indi bizim Zevsə baxdığımız kimi baxacaqlarmı? Müqəddəs hesab etdiyimiz mətnləri tarixin tozlu rəflərinə atacaqlarmı? Hələ ki, bu suallara dəqiq cavabım yoxdur. Amma mənə elə gəlir ki, məhz belə də olacaq.

Gələcək nəsillər bizim kimi texnoloji baxımdan inkişaf etmiş insanların hansı səbəbdən modern dinə bu qədər bağlandıqlarını anlamayacaqlar. Əminəm ki, gələcək nəsillər bu gün yaşadığımız dövrü “cahiliyyət dövrü” adlandıracaq və sübüt kimi qadınları başlarını örtməyə məcbur etdiyimizi, Yaxın Şərqdə baş verən insan qırğınlarını, hindlilərin inəyə pərəstiş etdiyini, özünü döyən, başını yaran insanları, cin çıxartma üsullarını, körpə uşaqların soyuq xaç suyuna salınmasını və s. saysız-hesabsız faktları göstərəcəklər. Onlar anlamayacaqlar ki, modern insan beyni analiz etməyi bacardığına baxmayaraq, necə olub ki, belə əcaib şeylərə izn verib? Amma cavabı çox sadədir.

İnsan beyni inandığı şeyə niyə inanır? Gün ərzində beynimiz külli miqdarda informasiya alır. Durmadan gələn bu informasiyalar bir-birindən fərqlidir və beyin bunların hamısını təhlil etmək zorundadır. Beynin işləmək prinsipi belədir: “QARIŞIQLIQDAN, XAOSDAN NİZAM YARAT”. Beynin nizam yaratma mexanizmi neyronlardakı DNT-də yerləşib və məhz buna görə də insan beyninin ən möhtəşəm icadı kompüter hesab olunur. Kompüter qarma-qarışıqlıq içərisindən nizam yaratmağımıza kömək etmək məqsədilə hazırlanmış bir makinadır. Yeri gəlmişkən, ispanca kompüter “ordenador” adlanır, yəni nizam yaradan.

Təsəvvür edin ki, dünyadakı bütün bilgiləri yerləşdirdiyimiz bir kompüterimiz var. Bu kompüterə istədiyin sualı verə bilərsən. İnsanlığın zehnini əsrlər boyu düşündürən sualları verək: HARADAN GƏLMİŞİK? HARA GEDİRİK? Başqa sözlə, kökümüzü və qədərimizi soruşsaq, kompüterin verdiyi cavab belə olacaq: DOĞRU CAVAB VERƏCƏK QƏDƏR YETƏRLİ BİLGİ YOXDUR.

Bizə kömək etmədi, amma dürüst cavab verdi! Gəlin, indi bu sualı bioloji kompüterə - yəni insan beyninə verək. Bu zaman fərqli mənzərə yaranır. Beynin içindən uşaqlıqdan bəri valideynlərimizdən, böyüklərdən eşitdiyimiz, oxuduğumuz dini baxışlar cıxmağa başlayır. Fərqli coğrafi məkanlarda fərqli inanclar olduğundan, müxtəlif cavablar alınır. Tanrı Adəmə həyat verir, Promotey palçıqdan ilk insanı yaradır, Brahma öz bədəninin müxtəlif yerlərindən insan yaradır, Afrikalı bir tanrı buludları aralayıb, yer üzünə iki insan endirir, Skandinaviyada taxtadan iki insan yaradılır və s.

“Aqibətimiz necə olacaq” sualına isə insan beyni güllü baxçalar, huri-mələklər və ya alovlu cəhənnəm, Misirdə Olülər şəhəri Memfis, müxtəlif astral səyahət mifləri, Buddizm və Hinduizmdə reinkarnasiya və s. kimi uşaqlıqdan aldığımız bilgilərə uyğun cavab verir. İnsan beyni üçün hər hansı bir cavab, cavab verməməkdən daha yaxşıdır. Nəsə anlaşılmaz bir hadisələ qarşılaşdığımzda özümüzü narahat hiss edirik və çox vaxt da izahı uydururuq. Görünməyən dünyada, bilmədiyimiz bir məsələdə nizam olduğunu düşünür, bunun üçün fəlsəfi, dini və mifoloji əfsanələr quraşdırırıq.

“Haradan gəlmişik və hara gedirik?” Ən qədim zamanlardan bu günə kimi belə suallar hər kəsin ağlına gəlib. Üzücü olan budur ki, dini doqmalar səbəbilə milyonlarla insan bu böyük sualların cavabını bildiyinə inanır. Hər din eyni cavabı vermədiyi üçün, mədəniyyətlər arasında kimin cavabının doğru, hansı Tanrı hekayəsinin tək gerçək hekayə olduğu uğrunda müharibələr gedir. Din tarixinin başlanğıcından bu yana ateistlər, xristianlar, müsəlmanlar, yəhudilər və bütün dinlərin mənsubları sonu görünməyən savaş içindədirlər. Həyatdakı bu sualların cavabını möcüzəvi şəkildə öyrənsəydik, isbat olunsaydı, qollarımızı yanımza salıb, bunu qəbul etməkdən başqa çarəmiz olmadığını hiss etsəydik, nələr olacağını bir düşünün. Mənə elə gəlir ki, bəşəriyyət uzun müddətli bir sülh içində yaşayardı.

Amma dinlər sadəcə, sözlərdən ibarət olan, heç bir subutu olmayan bir şeyi gerçək olaraq qəbul etməyimizi istəyirlər. Hər dinin müxtəlif qaydaları, sistemləri var və beləliklə, bəşəriyyət parçalanıb, tarix isə bu inanclar uğrunda savaşlardan ibarətdir.

Elm dinin antitezisidir. Fərqli millətlərdən, irqdən olan elm adamları birgə çalışır və nəsə yenilik kəşf etdikdə birlikdə sevinir, bir-birini təbrik edir, müxtəlif mükafatlar yaradaraq, bəşəriyyəti birləşdirirlər. Elm bilinməyən və ya tam öyrənilməmiş bir şeyi fiziki dəlillərlə isbat etmək fəaliyyətidir. O, sübüt olunmamış, sadəcə, fərziyyələrdən ibarət olan hər şeyi rədd edir. Elm nəyəsə cavab tapdıqda, bunu sübut etdikdə bütün dünya üçün keçərlidir. İnsanlar bu üzdən heç vaxt savaşmır, müharibələr aparmır, əksinə, problem varsa, onun ətrafında toplanırlar.

Mənə elə gəlir ki, din dövrü artıq bitmək üzrədir. ELM DÖVRÜ BAŞLAYIR!!! ONA GÖRƏ DƏ, ELMİN DALINCA GEDİN, MƏNİM ƏZİZLƏRİM. OXUYUN, ÖYRƏNİN!!!

* Qalib Əsədov - 1968-cı ildə Şəki şəhərində anadan olub. Həkim-nevroloqdur. Avropa Nevrologiya Akademiyasının həqiqi üzvüdür. Dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda iştirak edib.



Teqlər: Elm-və-din  





Xəbər lenti