Nazir fransalı yazıçı ilə görüşüb

Nazir fransalı yazıçı ilə görüşüb
  25 İyul 2018    Oxunub:24165
Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardonla görüşdü.
Qonağı səmimiyyətlə salamlayan Əbülfəs Qarayev bu səfərin Azərbaycan haqqında, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı barədə onda daha dolğun təəssürat yaradacağına ümidvar olduğunu dedi.

Nazir Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və 10 illiyi qeyd olunacaq mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”, respublikamızdakı multikultural mühitdən danışaraq ölkəmizin beynəlxalq arenada mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələri qeyd etdi. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilən layihələr haqqında söz açıldı.

Fransalı qonaq səmimi qəbula görə təşəkkür edərək öz fəaliyyəti haqqında məlumat verdi, Beynəlxalq Reyn Dərnəyinin həyata keçirdiyi tədbirlərdən danışdı. Həyatının çox hissəsini bədii yaradıcılığa həsr etdiyini deyən Jerar Kardon bildirdi ki, əsasən ətraf-mühit, gənclər, qadın hüquqları və digər məsələlər barədə 40-a yaxın kitabın müəllifidir.

Qeyd etdi ki, bu ilin noyabrın 1-dən 30-dək Fransanın Strasburq şəhərində Azərbaycan qadınlarına həsr olunacaq sərginin keçirilməsi nəzərdə tutulur. J.Kardon bu sərgidə Azərbaycandan rəssamların iştirakının vacibliyini vurğuladı.

Qonaq həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, ölkəmizdəki multikultural dəyərlər və tolerantlıq mühitindən, eləcə də etnik, dini dözümlülükdən bəhs edən məqalələr yazdığını nəzərə çatdırdı.

Ötən il fransalı nümayəndələrlə cəbhə bölgəsində, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olduğunu xatırladan qonaq mülki əhaliyə qarşı silahlı işlədilməsini hər zaman pislədiyini, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu dedi.

Qeyd edək ki, Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti Jerar Kardon Elzas Universitetində mühazirələr oxuyur, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülüb. Onun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Nazir Əbülfəs Qarayev görüşün sonunda Jerar Kardona gələcək fəaliyyətində uğurlar arzuladı.

AzVision.az


Teqlər: Əbülfə-Qarayev  





Xəbər lenti