Naxçıvanın 6 aylıq iqtisadi göstəriciləri

Naxçıvanın 6 aylıq iqtisadi göstəriciləri
  26 İyul 2018    Oxunub:12328
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda bildirlib ki, 2018-ci ilin birinci yarımili ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 246 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib.

Qeyd edilib ki, bəhs olunan dövrdə muxtar respublikada sənaye məhsulu istehsalının həcmi 1,4, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1, kənd təsərrüfatı məhsullarının həcmi 3,6, informasiya və rabitə xidmətlərinin həcmi 2,6, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,6 faiz artıb. 2018-ci ilin ötən dövrü ərzində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 25 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlər ayrılıb. Bu kreditlərin 5 milyon 150 min manatı sənayenin, 585 min 800 manatı kənd təsərrüfatının inkişafına yönəldilib. Sahibkarlığa göstərilən diqqət və qayğı nəticəsində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmətsahəsi istifadəyə verilib. Yeni yaradılan müəssisələrdə 272 iş yeri açılıb. Hazırda 20 layihənin icrası davam etdirilir.

Sənayedə istehsalın həcminin artması nəticəsində cari ilin 6 ayı ərzində 150 milyon ABŞ dollarından çox sənaye, 40 milyon ABŞ dollarından çox kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. Bundan əlavə, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən 14 müəssisənin istehsal etdiyi 40 çeşiddə hədiyyəlik məhsul və sənətkarlar tərəfindən üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan 748 suvenir hazırlanaraq 12 obyektdə satışa çıxarılıb.

Bildirilib ki, 2018-ci ilin 6 ayı ərzində 23 yeni olmaqla, ümumilikdə, rayon və kəndlərdə 730 emal sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı diqqətdə saxlanılıb, 14 heyvandarlıq təsərrüfatı yaradılması başa çatdırılıb, bir heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Bunlardan əlavə, 2 quşçuluq və bir balıqçılıq təsərrüfatı yaradılıb, bir balıqçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Vurğulanıb ki, kənd təsərrüfatı sahəsində görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada verilən təkcə güzəştli kreditlər hesabına yaradılmış 270 heyvandarlıq, 84 quşçuluq, 14 balıqçılıq, 109 arıçılıq, 66 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min 120 ton olan 32 soyuducu anbar, ümumi sahəsi 129 min 162 kvadratmetr olan 22 istixana kompleksi, 19 taxıl emalı müəssisəsi əhalinin mövsümi və ilboyu məhsullara olan tələbatının ödənilməsində mühüm rol oynayır.

AzVision.az


Teqlər: İqtisadiyyat   Naxçıvan  





Xəbər lenti