Putinin nümayəndəsi: `Moskvada millətlərarası gərginlik var`

Putinin nümayəndəsi: `Moskvada millətlərarası gərginlik var`
  18 Oktyabr 2013    Oxunub:1325
“Xalqlarımız və ölkələrimiz indi hər şeyi etməlidirlər ki, kiminsə Rusiya-Azərbaycan əlaqələrini müzakirə etməsinə imkan verilməsin. Aramızdakı dostluq əlaqələri bu kriminal hadisəyə görə pozulmamalıdır”.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bu fikirləri bir qrup azərbaycanlı jurnalistə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Onun sözlərinə görə, cinayətkarın milliyyəti olmur: “Fikrimcə, bizim üçün ən vacib şey millətlərarası münaqişənin alovlandırılmamasıdır. Bu, həm azərbaycanlı qardaşlarımız üçün, həm də rusiyalılar üçün vacibdir. Hesab edirəm ki, cinayətkarının milliyyətinin olmaması bizim hamımız üçün prinsipdir. Bilirik ki, əks proseslər olur, Moskvada azərbaycanlılar ziyan çəkir. Ona görə də hesab edirəm ki, bu tip kriminal hadisələr zamanı həlak olan millətlərin nümayəndələrinə qarşı dözümlülüyü saxlamaq lazımdır”.

M.Şvıdkoy etiraf edib ki, Moskvada millətlərarası gərginlik hökm sürür: “Şəhərin mərkəzində bu gərginlik yoxdur. Lakin kənar rayonlarda bu gərginlik var və bunu gizlətmək olmaz. Mənim nöqteyi-nəzərimdən gərginlik əsasən bu və ya digər regionun sosial-iqtisadi problemləri ilə bağlıdır. Ona görə də hesab edirəm ki, məsələ qarşılıqlı bəyanatların verilməsində deyil, maksimal dərəcədə ehtiyatlı və səbirli olmaqdadır. Bizim üçün vacib olan odur ki, Rusiya və Azərbaycan qardaş xalqları bir-biri ilə dalaşmasın. Bu ən başlıcasıdır”.

M.Şvıdkoyun fikrincə, bu hadisədə ən vacibi Moskvada millətlərarası sülhün bərpa olunmasıdır: “Ona görə ki, xeyli sayda azərbaycanlılar Rusiya vətəndaşlığı daşıyır, xeyli sayda ruslar Azərbaycan vətəndaşıdır. Bizim xalqlar və ölkələrimiz hər şeyi etməlidir ki, bu kriminal hadisə ölkələrimiz arasındakı münasibətləri müzakirə etməyə heç kəsə imkan verməsin. İnanın mənə, bu problem nə Rusiya xalqında, nə də Azərbaycan xalqında mövcud deyil. Cinayət hadisəsi baş verib və bu hadisənin iştirakçıları cəzalandırılmalıdır. Bunun cinayətkarın hansı millətə məxsus olması ilə heç bir əlaqəsi olmamalıdır”.


Teqlər:





Xəbər lenti