Əlibəylinin tapdığı televiziya formulu - Qalib Əsədov yazır

Əlibəylinin tapdığı televiziya formulu - Qalib Əsədov yazır
  01 Avqust 2018    Oxunub:21647
Qalib Əsədov
----------------------
Qalib Əsədov - 1968-cı ildə Şəki şəhərində anadan olub. Həkim-nevroloqdur. Avropa Nevrologiya Akademiyasının həqiqi üzvüdür. Dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda iştirak edib.

Bu gün hamımız televiziyalarımızda gedən verilişləri tənqid edir, səviyyəcə aşağı olduğunu, ümumiyyətlə, yerli kanallara baxmadığımızı söyləyirik. Düzünü deyim ki, bəzi məsələlərlə mən də razıyam və yeri gələndə öz iradlarımı, təkliflərimi bildirmişəm. Amma mövcud reallığı da anlayıram. Reytinq lazımdır ki, sponsor maliyyə dəstəyi versin. Ciddi sanballı verilişlər isə əlbəttə, reytinq vermir və tezliklə bağlanırdı.
Bu məsələni araşdıran, vəziyyətdən çıxış yolu axtaran Elçin Əlibəyli problemin xüsusi bir həll yolunu tapdı. O, həm cəmiyyətdə olan, aramızda yaşayan karikaturaları verilişə cağıraraq, reytinq əldə edir, həm də intellektləri dəvət edərək, insanlara lazımı maarifləndirici mesajlar verir.

Elçin Əlibəyli “El içində” verilişilə xalqın sevimlisinə çevrilmişdi. Kifayər qədər sərt, cəsarərli, ədalətli mövqe nümayiş etdirir, kəm-kəsirimizi tənqid edir, çıxış yollarını araşdırırdı. Həftənin birinci günləri, gecəyarısı verilən bu verilişi hamı səbirsizliklə gözləyirdi. Yəqin ki, kimlərinsə xoşuna gəlmədi və təəsüf ki, veriliş bağlandı, Elçin müəllim də televiziyadan uzaq düşdü. Sonra “Açıq söhbət” verilişi ilə yenidən gündəmə gəldi. ANS telekanalında bu verilişin xüsusi çəkisi, nüfuzu və kifayət qədər böyük tamaşaçı kütləsi vardı. Sonralar daim axtarışda olan bu yaradıcı insan müxtəlif layihələrlə qarşımıza çıxdı. Onların arasında heç də hamısı uğurlu alınmırdı. Məsələn, düşünürəm ki, sırf reytinq qazanmağa yönəlmiş “Oturduğumuz yerdə” verilişi uğursuz layihələrdən biri idi. Əslində, bu veriliş bizim necə olduğumuzu tam çılpaqlığı ilə göstərdiyinə görə, ona baxıb utanır və sevmirdik...

Bu gün Elçin Əlibəyli “El bizim, sirr bizim” verilişilə qarşımızdadır. Verilişin vaxtı geniş tamaşaçı kütləsinin izləməsi üçün namünasib olsa da, myvideo.az-ın köməyilə seyr edə bilirik. Bu verilişi tənqid edənlər, adətən bir arqument gətirirlər: Verilişə niyə səviyyəsiz adamları dəvət edir? Hətta mənim özümə də “o verilişə niyə gedirsən, sənin yerin deyil, filankəs sənin opponentin ola bilməz” və s. kimi iradlarını bildirənlər çoxdur. Amma gəlin, etiraf edək ki, “səviyyəsiz” hesab etdiyimiz adamlar aramızda kifayət qədərdir, kifayət qədər yaxşı yaşayır və uğurlu fəaliyyət göstərirlər. Onları ifşa etmək üçün bundan yaxşı yol ola bilməzdi düşünürəm.

Fəlsəfədə “Əksikliklərin vəhdəti” adlanan bir qanun var. Kontrast olanda veriliş daha baxımlı olur, qara fonda ağ daha qabarıq nəzərə çarpır. Təsəvvür edək ki, ora təkcə intellektual adamlar yığışıb, biri deyəni, o biri təsdiq edir, kifayət qədər maarifləndirici, ağıllı sözlər deyirlər. Mənə elə gəlir, darıxdırıcı bir mənzərə alınacaq, insanların əksəriyyəti belə verilişi seyr etməyəcəklər. Gəlin etiraf edək ki, çoxumuz məhz qışqıran fırıldaqçı falçılara, naftalin iyi verən mentalitet qoruyucularına, XI əsrdən qalmış xurafatçılara görə verilişə baxır. Belə bir fonda isə ziyalı sözü, intellektual fikir daha yaxşı qavranılır, bəyənilir və sevilir.

Gəlin, baxaq görək, bu verilişlə Elçin müəllim daha nələr edir:

1)
Azərbaycan yazarlarının kitablarını tam təmənnasız reklam edir, insanları kitab oxumağa səsləyir, yazarları daha da həvəsləndirir, bununla da ölkəmizdə elmin, ədəbiyyatın inkişafına öz köməyini göstərir.

2) Gənc intellektual, yaradıcı insanları xalqa tanıtdırır. Taryel Abdullayev, Əhməd Həmid, Mirçingiz Ağazadə, Fuad Əsədov kimi savadlı, ağıllı gənclər məhz onun sayəsində efirə çıxdılar və milyonlarla insanın sevimlisinə çevrildilər.

3) Bir tərəfdən cəmiyyətdə, aramızda yaşayan fırıldaqçıları, dələduzları, karikatur fiqurları elə onların öz dililə ifşa edir, iç üzlərini göstərir, insanlara tanıtdırır. Digər tərəfdən isə Vusal Məmmədov, Tahir Əlirzayev, Aydın Xan Əbilov, Ayaz Salayev kimi ziyalıları, elm adamlarını, nüfuz sahiblərini dəvət edərək, onların dililə insanlara intellektual, maarifləndirici mesajlar verir.

4) İroniya, sərt satiranın diliylə aramızda baş verən eybəcərlikləri tənqid edir, lağa qoyur və çox vaxt da buna görə özü sərt tənqidlərlə üzləşir. Yeri gəlmişkən, bu tənqid olduqca sərtdir, bu kimi halların aramızda olduğunu gizlində etiraf etsək də, qəbul etmək çox çətindir.

Hələ çox sadalamaq olar, sadəcə, mən yığcam olsun deyə, əsas məqamları diqqətinizə çatdırdım. Bu gün cəsarətlə deyə bilərəm ki, Elçin Əlibəyli Azərbaycan teleməkanında bir FENOMENDİR, onun dedikləri çox məsələni biz illər kecdikdən sonra anlayacağıq. S.Yesenin deyərdi ki, uca dağlar uzaqdan daha yaxşı görünür. O, dəyərli bir ziyalımızdır. Gəlin, ziyalılarımızı qoruyaq, onları daşlayaraq, küsdürməyək, əksinə, mümkün qədər belə adamlardan öyrənməyə çalışaq. Tarix boyu bu millətin söz deyən ziyalıları qaragüruh tərəfindən amansız təzyiqlərlə üzləşiblər. M.F.Axundov, Sabir, C. Məmmədquluzadə kimi dahilərimiz nələrlə qarşılaşıblar, hamımız yaxşı bilirik. Doğrudanmı, dəyişməmişik?




Teqlər: Elçin-Əlibəyli  





Xəbər lenti