"Qarabağ”ın prezidenti futbolçularla görüşdü - FOTO

"Qarabağ”ın prezidenti futbolçularla görüşdü - FOTO
  12 Avqust 2018    Oxunub:4790
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE ilə oyun üçün avqustun 12-də Belarusa yollanacaq.
AzVision.az klubun rəsmi saytına istinadla xəbər verir ki, vacib oyundan əvvəl “Qarabağ” klubunun prezidenti Abdolbari Gözəl avqustun 11-də komandanı ziyarət edib.

Son məşqdən əvvəl komandanın bazasına gələn A.Gözəl baş məşqçi Qurban Qurbanov ilə görüşüb. Görüşdə komandanın son qarşılaşması, ümumiyyətlə, cari mövsümdə avrokubok perspektivləri haqqında danışılıb.



Komandanın üzvləri ilə də görüşən klub prezidenti BATE ilə sonuncu qarşılaşmada məğlubiyyətə baxmayaraq, futbolçulara inandığını, xüsusilə ikinci hissədəki oyundan məmnunluğunu bildirib. Komandanın uzun illərdir baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə sabit oyun göstərdiyini deyən klub prezidenti “Qarabağ”ın artıq Avropada və dünyada tanınan klub olduğunu qeyd edib. O, nəinki futbolda, həyatda da düzgün strategiyanın vacibliyini vurğulayaraq, “Qarabağ”ın uğurlarını sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu bildirib.



Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən klub prezidenti onların Belarusda müvəffəqiyyət qazanacağına inandığını diqqətə çatdırıb və futbolçulara uğurlar arzulayıb.

Avqustun 14-də “Borisov Arena”da keçiriləcək BATE - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

AzVision.az


Teqlər: Qarabağ   BATE   UCL  





Xəbər lenti