"Həyat yoldaşım mənim üçün hədiyyədir" - Afaq Bəşirqızı

"Həyat yoldaşım mənim üçün hədiyyədir" -  Afaq Bəşirqızı
  15 Avqust 2018    Oxunub:38753
"Çəkilişdən çıxıb, paltarımı maşında dəyişirdim"

Bu gün görkəmli teatr və kino aktrisası, Xalq artisti Afaq Bəşirqızının doğum günüdür. Sevimli aktrisa 63 yaşını qeyd edir.

O, doğum günü təəssüratlarını AzVision.az-la bölüşüb:
- Yaş, insanın həyata gəlməsi, bunların hamısı ilahi ilə bağlı olan bir şeydir. Biz həmişə deyirik ki, ilahinin yazısıdır. Ona görə də hər il ömür yolunun üzərinə daha bir il gəldikcə ağıllı insan öz müdrikiyini dərk edir. O müdrikliyə doğru gedir. Həyatda tutduğu mövqenin daha da möhkəmlənməsi, hörmətin daha da artması üçün çalışır.

Əsas insanın daxilindədir. Mənim bir sözüm var ki, Allah öz sevdiklərinə müdriklik, sevmədiklərinə isə mütriklik verir. Ona görə də mənə elə gəlir ki, yaş artdıqca insan o müdrikliyi qazanmalı və ətrafa nur səpməlidir. Bu da insanın özündən, iradəsindən asılıdır.

- 63-dən geriyə boylansaq, ən çox hansı illəriniz üçün darıxdığınızı görərik?

-Sənətimin daha aktiv olan vaxtlarına boylanmaq istərdim. Bir dəqiqə vaxtım olmurdu. Nə səhər, nə də günorta yeməyi yadıma düşürdü. Hansısa bir roldan çıxıb, elə maşında paltarımı dəyişib, o biri çəkilişə gedən anlarımı axtarıram. O vaxtların, illərin təşnəsi, darıxmağı var. Düzdür, indi də boş deyiləm. Layihələr hazırlamışam. Bu layihələr Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında böyük məsuliyyətdir.

-Bu illər ərzində gəldiyiniz nəticə nə oldu? Bu suala cavab tapa bildinizmi: Qadın nə istəyir?

- İndiki qadınlar nə istəyirlər? Əlbəttə, mənim bu sözüm onların hamısına şamil deyil. Ola bilsin ki, mən ünvanı düz söyləmərəm. Sonra məni qınayaralar. Amma nə istəməlidir, onu ifadə edə bilərəm. Qadının istəyi həyatda ən əsası qadın olmaq və qadın adını qazanmaqdır. Daha sonra isə ana, dost adını, həyat yoldaşının etibarını qazanmalı və övladlarının yanında qızarmamalıdır. Bunlar bilavasitə onun vəzifəsidir. Bu, ömrün qısalığından və uzunluğundan asılı deyil. Amma tələsmək gərəkdir. Çünk indiki vəziyyətdə, dövranda, cəmiyyətdə həddindən artıq mübariz və ehtiyatlı olmaq lazımdır.

-Doğum günlərinizdə özünüz haqqında nə düşünürsünüz?

-Deyirəm, sən necə də gözəlsən. (Gülür)

-Həyat yoldaşınızın sizi necə təbrik etməsini istəyərdiniz?

- Həyat yoldaşımla dünyam toxunulmazdır. Bu, bizim ailəmizə aiddir. Amma hər halda mənim gözlədiyim, öyrəşdiyim anlar olur. Mən ondan heç vaxt hədiyyə gözləməmişəm. Çünki o, özü mənim üçün həyatın hədiyyəsidir. O, həyat yoldaşı kimi bir çoxuna örnək ola bilər. Bunu ürəkdən və alnıaçıqlıqla, fəxrlə deyirəm. Həyatda tanrıdan ən böyük arzum məni sevənləri, əzizlərimi, həyat yoldaşımı mənə gözü dolusu verməsidir.

- Bəs nəvələrin ad günü təbriki necə oldu?

- Dünən gecə saat 12-dən onlar mənim başıma bu “oyun”u açıblar.(gülür) Bir səs- küy salmışdılar ki.... Yuxudan oyatdılar məni. Bu da bir fəxrdir. Onlar Afaqın nəvələridirlər. Çox şükürlər olun ki, nəvələrim bununla həm fəxr edirlər, həm də dərk edirlər. Şıltaqlıq edirlər, amma bu şıltaqlıq evdə və çərçivədədir. "Qıraqda olmaz" qadağasını bilirlər. Buna görə də mən onlarla qürur duyuram.

-Hansı rolunuzun sizi təbrik etməsini istəyərdiniz?

-Hansı istəyir təbrik etsin, onlar da mənim övladlarımdır. Rollarımı qanımın, canımın bahasına yaratmışam.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Afaq-Bəşirqızı  





Xəbər lenti