Müstəqil Azərbaycanın baş nazirləri – ARAŞDIRMA

Müstəqil Azərbaycanın baş nazirləri – ARAŞDIRMA
  21 Oktyabr 2013    Oxunub:14759
Kimlər Azərbaycanın baş naziri olub?

Prezident İlham Əliyev növbəti dəfə ölkə rəhbəri postuna seçildikdən sonra qanunvericiliyin tələbinə müvafiq olaraq Nazirlər Kabineti istefaya göndərilib. Prezidentin yeni komandasında kimlərin qalacağı, hansı məmurların istefaya göndəriləcəyi maraq doğurur.

Azərbaycan təcrübəsində kadr dəyişliyinin qaçılmaz olduğunun dəfələrlə şahidi olmuşuq. Adi məmurdan tutmuş baş nazirədək yüksək postlarda indiyədək bir neçə dəfə təyinat aparılıb, yeni şəxslər vəzifəyə gətirilib.

Dəyişiklik baş nazirlərdən də yan keçməyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmi 9 dəfə bu posta təyinat həyata keçirilib.

AzVision.az saytı 1991-ci ildən indiyədək Azərbaycanın baş naziri olmuş şəxslərlə bağlı kiçik araşdırma apararaq, onlar haqda məlumatları oxuculara təqdim edir:

“Azərbaycanın ilk baş naziri”

Həsən Həsənov Azərbaycan Respublikasının ilk baş naziridir. 1940-cı ildə Tiflisdə anadan olan H.Həsənov 1990-1992-ci illərdə baş nazir postunda rəhbər olub. O, yalnız 2 il Azərbaycanın baş naziri ola bilib. 1992-ci ildən vəzifəsindən uzaqlaşdırılan H.Həsənov xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərib. 1993-1998-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri olub.

“Bir ay baş nazir olan Firuz Mustafayev”

Həsən Həsənovu baş nazir vəzifəsində Firuz Mustafayev əvəz edib. O 1992-ci ilin aprelindən mayın 14-dək baş nazirin səlahiyyətlərini icra edib. Firuz Mustafayev cəmi bir ay baş nazir işləyib.

“Vəzifəsindən könüllü gedən baş nazir”

Yeni təyinatla Firuz Mustafayevi Rəhim Hüseynov əvəzləyib. O 1992-ci ilin 14 may tarixindən 1993-cü ilin yanvarın 26-a dək vəzifədə qala bilib. R.Hüseynov AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedib. R.Hüseynovun istefasından sonra bir müddət Azərbaycanın baş naziri vəzifəsinə Əli Məsimli gətirilib.

“Keçmiş baş nazir, indi millət vəkili”

Hazırda Milli Məclisin deputatı olan Əli Məsimli 2 ay baş nazirin səlahiyyətlərini icra edib.

Daha sonra onu Pənah Hüseyn əvəz edib. Hazırda Azərbaycan müxalifətinin radikal qanadında təmsil olunan P.Hüseynin də bəxti üzünə gülməyib. O da sələfləri kimi 2 aydan çox vəzifədə qala bilməyib. P.Hüseyn Azərbaycan Xalq Partiyasının sədridir.

AXC hakimiyyəti zamanı o zamanki iqtidarın səriştəsizliyi həyata keçirilən kadr islahatlarında açıq-aşkar hiss olunurdu. Sürət Hüseynovun baş nazir təyin edilməsi buna bariz nümunədir. O, 30 iyun 1993-7 oktyabr 1994-cu il tarixlərində Azərbaycanın IV baş naziri olub. S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edilib, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib.

O, 30 oktyabr 1994-cü il tarixli fərmanla “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilib. S.Hüseynov daha sonra həbs edilsə də həbsxanadan qaça bilib. Azərbaycandan qaçıb getmiş S.Hüseynov Rusiyada həbs olunub və məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

S.Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü il martın 17-də həbsdən azad olunub. S.Hüseynovdan sonra ölkənin baş naziri postuna Fuad Quliyev gətirilib. F.Quliyev ilk əvvəl baş nazir əvəzi, daha sonra isə rəsmi sərəncamla baş nazir təyin edilib. (2 may 1995 - 20 iyul, 1996).

“Uzun müddət bu postda qalan Artur Rasizadə”

Fuad Quliyevi Azərbaycanın hazırki baş naziri Artur Rasizadə əvəz edib. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust - noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir. A.Rasizadə bu posta ən çox qalan baş nazir kimi Azərbaycan tarixinə düşüb.

Prezident İlham Əliyev də bir müddət Azərbaycanın baş naziri kimi şanlı tarixə öz imzasını atıb. Dövlət başçısı 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Bir necə ay baş nazir çalışan İlham Əliyev 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçildikdən sonra onun səlahiyyətləri yenidən Artur Rasizadəyə həvalə edilib. O zamandan indiyədək A.Rasizadə Azərbaycanın baş naziridir.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti