Təhsilin prioritet istiqamətləri müəyyənləşdi

Təhsilin prioritet istiqamətləri müəyyənləşdi
  16 Avqust 2018    Oxunub:9848
Azərbaycanda ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, “Təhsildə keyfiyyət ili” ilə bağlı nazirliyin Fəaliyyət planında nəzərdə tutulan mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab edilib.

2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri sırasında fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik köməklik göstərilməsi kimi məsələlər yer alıb.

Eyni zamanda ibtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılmas məsələsi də fəaliyyət istiqamətləri arasında mövcuddur.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Ceyhun-Bayramov  





Xəbər lenti