596 "bal"la kəsilən abituriyentlə bağlı növbəti məlumat
DİM-dən AzVision.az-a bildirilib ki, bu qurum öz fəaliyyəti ilə əlaqədar əldə etdiyi fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizəsini təmin edir, hətta imtahanların təşkili və keçirilməsi dövründə qanun pozuntularına yol vermiş şəxslərin fərdi məlumatlarını açıqlamır. Bu məlumatlar hüquq mühafizə orqanlarına təqdim olunsa da, ictimailəşdirilmir.
Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının sürəti çıxarılmış (“screen” olunmuş) versiyası paylaşılıb.
Qeyd edilib ki, həmin iş nömrəli abituriyent daha aşağı bal toplayıb və müsabiqədən keçməyib. Sadəcə olaraq imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılaraq həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar daha yüksək qeyd olunub. Əslində isə abituriyentin balı aşağıdır. Bu saxta elektron arayış forması özünü “təhsil eksperti” kimi təqdim edən bir nəfər tərəfindən yayımlanıb. Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, mötəbər olmayan informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər.
KİV-lərin nümayəndələrinə bir daha müraciət edirik ki, DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan bu tip məlumatları yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər. Məlumat paylaşıldıqdan sonra deyil, əvvəlcə rəsmi qurumla əlaqə saxlanılması daha doğru olar.
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44 min 772 abituriyent iştirak edib və onlardan 39 min 906-sl qəbul olunub. Təqribən 5.074 plan yeri boş qalıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsə idilər hər hansı bir ali təhsil müəssisəsinə qəbul oluna bilərdilər. Qəbul oluna bilməyən abituriyentlərin bəziləri və bu işdə müəyyən maraqları olan insanlar isə müxtəlif yollara əl atır, DİM-in nüfuzuna xələl gətirməyə cəhd göstərirlər.
Xatırladırıq ki, DİM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün mərkəz tərəfindən müvafiq addımlar atılacaq.
Məlumat üçün bildirək ki, təhsil eksperti Kamran Əsədov bu gün sosial şəbəkədəki hesabında ciddi rezonans doğuran məlumat paylaşıb. Onun sözlərinə görə, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Buna baxmayaraq o, heç bir ali məktəbə qəbul ola bilməyib.
“Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb".
AzVision.az
Teqlər: DİM