DİM və təhsil eksperti bir-birini məhkəməyə verir - Qalmaqal

DİM və təhsil eksperti bir-birini məhkəməyə verir - Qalmaqal
  17 Avqust 2018    Oxunub:8606
Qəbul imtahanında 596 bal topladığı iddia edilən abituriyentin ali məktəbə qəbul olmaması barədə məlumat yayan təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən məhkəməyə verilməsinə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, ekspert DİM-in onu məhkəmə ilə hədələməsinin əsassız olduğunu deyib.

"Mənə valideynlər əllərində imtahan nəticələri barədə çap olunmuş sənəd və ixtisas seçimi ərizəsinin təstiq olunmuş sürəti ilə müraciət edib, bundan sonra şəxsi razılığı ilə onlar barəsində məlumatın ictimailəşdirilməsinə icazə veriblər. Yəni abituriyent barəsində məlumat onların razılığı ilə verilib. Məni məhkəmə ilə hədələyirlər? Buyurub etsinlər. Əllərində heç bir əsas yoxdur. Amma mənim əlimdə valideynləri tərəfindən təqdim olunmuş sənədlər var".

K.Əsədov qeyd edib ki, bu gün keçirilən mətbuat konfransında həmin abituriyentin valideynləri sözlərini və iddialarını DİM rəhbərinə dedilər. Hətta valideynləri bu proses və problemin qabarmasında onların maraqlı olduğunu, mənim ilə əlaqəli olmadığını bildirdilər.

"Mən ilkin statusda da ittiham irəli sürməmişəm, mənə daxil daxil olan məlumatı onların razılığı ilə paylaşmışam ki, bu da qanunvericilik aktlarına uyğundur. Mən özüm işgüzar fəaliyyətimə xələl gətirdiklərinə, qulluq mövqeyindən istifadə etməklə hədə -qorxu gəlmələrinə görə onlara qarşı məhkəmə iddiası qaldıracağam. Dediyim kimi, qanunvericilik aktlarına uyğun olaraq mənim fikir, rəy və statuslarımda heç bir qanun pozuntusu yoxdur. Sadəcə olaraq, DİM onların fəaliyyətini bu qədər çox diqqətdə saxladığıma görə narahatdır və buna hər vəcdlə maneə olmağa çalışır.
Məhkəməyə verirlər? Versinlər. Abituriyent fotoşop edib? Bunu necə müəyyən etmək olar? Buyurun araşdırın. Abituriyentə 7727-dən topladığı bal ilə bağlı sms gəlib".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov bu gün sosial şəbəkədəki hesabında ciddi rezonans doğuran məlumat paylaşıb. Onun sözlərinə görə, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Buna baxmayaraq o, heç bir ali məktəbə qəbul ola bilməyib.

“Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb".

DİM isə bu məlumatı təkzib edərək abituriyentin az bal topladığını, faktın saxtalaşdırıldığını bəyan edib. Bu səbəbdən DİM rəhbərliyi K.Əsədovun məhkəməyə veriləcəyini açıqlayıb.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti