“Hamı İlhaməni hegemon kimi tanıyırdı” - Sənət adamları danışır

“Hamı İlhaməni hegemon kimi tanıyırdı” - Sənət adamları danışır
  17 Avqust 2018    Oxunub:19981
Bu gün Xalq artist İlhamə Quliyevanın doğum günüdür. Müğənni yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.
Sənəti ilə yanaşı, qalmaqallarla yadda qalan İlhamə xanımın sənət yoldaşları onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər.

Bəstəkar Faiq Sücəddinov İ.Quliyevanı gənc yaşlarından tanıdığını deyib: “O, bildiyiniz kimi musiqiçi ailəsində anadan olub. Ona görə də uşaqlıdan musiqiyə qovuşmuşdu. Televiziyada ansamblda, estrada orkestrində çıxışlarını xatırlayıram. Həmişə deyərdi ki, mən fonoqram oxumağı xoşlamıram. Son zamanlar hərdən bir fonoqram oxuyurdu. Çünki ona oxumaq, ayaq üstə durmaq çətin idi. Ölümündən 20 gün əvvəl mənə zəng edib dedi ki, Faiq, mənə bir mahnı yaz. Dedim mütləq, mahnı hazırdır, yanınıza gələcəyəm. Mən bilirdim ki, o, xəstədir...



Sənətin eşqiylə yaşayan adam idi. Onun yoxluğundan bir ildən çox vaxt keçib. Ancaq İlhamə xanımın sənətinin yerini tutan yoxdur. Bir dəfə dünyaya gəldi və getdi. İnsan kimi gözəl insan idi. Ancaq baxır kimə qarşı. Xasiyyətində hərdən çılğınlıqlar olurdu. Sərt reaksiyalar verirdi. Amma indi bunların əhəmiyyəti yoxdur, çünki onun sənəti yaddaşlarda qalıb".



Müğənni Brilliant Dadaşova hələ uşaqlıqdan İ. Quliyevanı dinlədiyini bildirib: “İlhamə xanıma həmişə qulaq asmışam, xoşlamışam. Evimizdə demək olar ki, məndən başqa heç kim qulaq asmırdı. Balacalıqdan sevə -sevə dinləmişəm. Proqramlarıma gəlirdi, iştirak edirdi. Düzdür, verilişdən sonra "Space" televiziyasının rəhbərliyinə deyirdi ki, bağlıyın bu verilişi. Xasiyyətində ziddiyyət var idi. Amma mən ona öz sevgimi bildirirdim, etiraf edirdim ki, onun oxumağı mənim üçün nadir bir incidir. Səsini sevirəm”.



Xanəndə Canəli Əkbərov həmkarının keşmiş günlərini xatırlayıb: “Öz üzərində işləyən adam idi. Anası ilə də işləmişəm. Anası və atasına görə aramızda isti münasibət yaranmışdı. Evinə gedib gəlirdim. Səliqəli geyinən, ifaçılığa meyl göstərən sənətkar idi. Ailə məsələsində bir az zəiflik göstərdi... Yadımdadır atası Həbib öləndə onlara getdim. Anası Tükəzban xanımla məni qucaqlayıb ağladılar”.



Cazmen Cavan Zeynallı onunla birgə çalışdığı illərdən söz açıb: “1965-ci ildə İçəri şəhərdə konsert veriridi. Hardasa 18-19 yaşı olardı. Kənardan ona baxıb gördüm ki, çox gözəl xarici görnüşə malik olan qızdır. Tofiq Əhmədovun orkestri ilə birgə çıxış edirdi. Mən ondan bir neçə yaş balaca idim. 15 yaşım var idi. Öz -özümə dedim ki, bu qız qabağa gedəcək. Çünki çox ürəklə oxuyurdu. Alqışlayanda isə çox sevinirdi. Səhnədə gülə-gülə dayanırdı. Tofiq müəllimə dedim, siz çox cavan və gözəl solist tapmısnız. O dedi, cavandır, tələbədir, vaxt göstərər. Zaman isə dediyimi təsdiqlədi. Mən onunla birgə Rəşid Behbudov adına Mahnı Teatrında 1970-ci ildə birgə çalışmışam. Qastrollara getmişik. Axrıncı bir neçə ili xüsusən çox gözəl, yüksək səviyyədə oxudu. Ona özüm kimi sənətkar deyirəm. Əla müğənni idi. İstəyirdi ki, hamı yüksək səviyyədə olsun. Deyirdim, İlhamə xanım, fikir verməyin, onlar cavandırlar, axtarışdadılar”.



Əməkdar artist Nüşabə Ələsgərli İ.Quliyevanın insani xüsusiyyətlərindən danışıb: “Yadımda çılğınlığı sevən, kaprizləri ilə, düzgün və ya səhv danışmaqları ilə qalıb. Bir müğənni ilə münasibəti pozulduqda sərt danışsa da, sonradan ürəyi yumşalardı. Yaşına baxmayaraq, uşaq qəlbi var idi. Bir müğənni ilə dost idisə, onu göylərə qaldırardı. Qarşındakından da bunu tələb edirdi. Böyüklərə hörmət saxlanmasını istəyirdi. Onun sənətini çox sevmişəm. Azərbayacanın Sofi Loreni kimi yaddaşlarda qalacaq”.



Xalq artistinin duet ortağı müğənni Rəşad İlyasov isə İlhamə Quliyeva ilə birgə oxuduğu duetindən və mahıya çəkilmiş klipdən danışıb:

“ Bir neçə dəfə onunla tədbirlərdə görüşmüşdük. İlhamə xanım məni izləyib, kanon ifamı və müğənniliyimi bəyənmişdi. Novruz Aslanın yanında təsadüfən qarşılaşanda İlhamə xanım dedi ki, Novruz, bizim üçün bir gözəl duet yaz, bu oğlanın ifasını sevirəm. Üstündən bir az keçəndən sonra mənə zəng etdi ki, Rəşad, bir şeir yazmışam, onu dinlə . Dedim, gözəl şeirdir. Bir az da keçəndən sonra zəng gəldi ki, mahnı hazırdır, gəl studiyaya. Soruşdum ki, bu nə şeirdir, nə məsələdir. Dedi, bilmirəm, gecə saat 4 də yazmışam, sevgi beynimə necə vurubsa bu mahnını yazmışam. Sonra da güldü. Klipin bütün maddi, texniki ağırlığını öz üzərinə götürdü. Çəkilişdən öncə məni kənara çəkib dedi, klipi elə yaratmalıyıq ki, qoy desinlər, bunlar doğurdan da bir-birilərini sevirlər. Mən də ona dedim, sizi bilmirəm, amma mən sizi doğurdan da sevirəm. Özü də lap uşaqlıqdan. Güldü getdi və xoşuna gəldi. Toyumda isə bildirdi ki, “baxıb gördüm estradada yeganə yaraşıqlı oğlan sənsən, ona görə səni klipə çəkdim”.

Müğənninin sözlərinə görə, İ.Quliyeva çox vaxt olduğu kimi görünmürdü. Hamı onu hegemon kimi tanıyırdı:

"Doğrudur, öz şərtləri, kaprizləri var idi, amma əslində yumşaq, həlim insan idi. Tez özündən çıxardı. Kəmhövsələ idi. Həmən hadisələrə reaksiya verirdi. Ancaq düşünürəm, çox zaman sağlam münasibət göstərirdi. Həyatının son dönəmlərinə qədər onunla duet oxumaq üçün sıraya düzülmüşdülər. Ona üzük, brilliant bağışlayırdılar. Bilirdilər ki, nazlanmağı, sevilməyi xoşlayan xanım idi. Nə qədər etsələr də bizim duet ayrı bir aləm idi. Yaşa dolduqca bu duetin əhəmiyyətini anlayıram. Bir dəfə jurnalistlərin sayəsində məndən incimişdi. Mənimlə acıqlı danışırdı. Üstündən bir az keçəndən sonra - 8 mart ərəfəsində ona zəng vurdum. Gördüm, hirsi soyuyub. Çox gözəl, sivil bir dialoqumuz oldu. Axıra qədər də aramız yaxşı oldu”.

Qeyd edək ki, Azərbaycanın Xalq Artisti İlhamə Quliyeva 2016- cı ilin fevralın 25-də dünyasını dəyişib. İlkin ekspertiza rəyinə görə, müğənni ürək çatışmazlığından vəfat edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İlhamə-Quliyeva  





Xəbər lenti