Test imtahanının nəticələri açıqlandı

Test imtahanının nəticələri açıqlandı
  18 Avqust 2018    Oxunub:6592
İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən məlumata görə, bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1013 namizəddən 11 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 15:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə – 3 nəfər;

BA2 altqrupu üzrə – 4 nəfər;

BA3 altqrupu üzrə – 18 nəfər;

BA4 altqrupu üzrə – 41 nəfər;

BB1 altqrupu üzrə – 13 nəfər;

BB2 altqrupu üzrə – 36 nəfər;

BB3 altqrupu üzrə – 67 nəfər;

BB4 altqrupu üzrə – 119 nəfər olmaqla, ümumilikdə 301 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanmışdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 20-dən sentyabrın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 20 və 21 avqust tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti