Azərbaycanın ilk xalq şairi - 106 il

Azərbaycanın ilk xalq şairi - 106 il
  19 Avqust 2018    Oxunub:10813
Azərbaycanın ilk qadın Xalq şairəsi, “İstiqlal” ordenli Mirvarid Dilbazinin doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Mirvarid Dilbazi 1912-ci ildə Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alıb və Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan şairə Azərbaycan EA-nın Əlyazmaları fondunda, Azərbaycan Dövlət Nəşriyyatında işləyib.

"Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Böyük Vətən müharibəsi illərində vətəni müdafiə mövzusu onun yaradıcılığında əsas yer tutub. Həmin illərdə yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib.

M.Dilbazinin "Məhsəti" poemasının süjeti məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb.

Onun 70-80-cı illərdə "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi", "Yasəmən fəsil", "Seçilmiş şeirlər" nəzm kitabları və 3 cilddə "Seçilmiş əsərləri" çap olunub.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

Şairə Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini Azərbaycan dilinə tərcümə edib. Həmçinin onun əsərləri xarici dillərə tərcümə olunub.

Xalq şairəsi 2001-ci il iyulun 12-də dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti