Qızı ilə eyni fakültəyə qəbul olunan ata: "Təhsil almaq heç zaman gec deyil"

Qızı ilə eyni fakültəyə qəbul olunan ata: "Təhsil almaq heç zaman gec deyil"
  22 Avqust 2018    Oxunub:31611
Ağcabədi rayon Sarıcalı kənd sakinləri Kərəm Süleymanov və onun qızı Nərgiz Süleymanova bu il I ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında keçid balını toplayaraq tələbə adını qazanıblar.
Qəbul imtahanlarına bir yerdə hazırlaşan ata-qız Bakı Dövlət Universitetinin informatika fakültəsinə qəbul olunublar. Ata ilə qızının eyni vaxtda imtahan verərək, eyni fakültəyə qəbul olması ailənin böyük sevincinə səbəb olub.

Kərəm Süleymanov AzərTAc-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini bitirib. Sonrakı illərdə Bakı Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinə, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə, Gəncə Dövlət Universitetinə və digər ali məktəblərə qəbul olsa da, ailə vəziyyəti ilə əlaqədar yenidən təhsil ala bilməyib. Ötənilki qəbul imtahanlarına qızı Nərgizlə birlikdə hazırlaşaraq, hər ikisi keçid balını toplayıb. Özü Gəncə Dövlət Universitetinə, qızı isə Azərbaycan Kooperasiya Universitetinə qəbul olub. Lakin Nərgizin qəbul olduğu ixtisas pedaqoji olmadığı üçün sənədləri təhsil müəssisəsinə təqdim etməyiblər. Bir il də bir yerdə imtahanlara hazırlaşıblar.

K.Süleymanov ixtisasca müəllim olmasa da, qızını fizika, kimya və riyaziyyat fənlərindən hazırlaşdırıb. Nərgiz isə Azərbaycan dili fənnindən atasına kömək edib. Qəbul imtahanında Kərəm Süleymanov 537, qızı Nərgiz Süleymanova isə 413 bal toplayaraq tələbə adını qazanıblar.

Nərgiz Süleymanova tələbə adı qazanmaqla yanaşı, həm də atası ilə bir yerdə təhsil alacağına görə çox sevindiyini deyib: “Universitetdə valideyni ilə qrup yoldaşı olmaq özü ən böyük şərəfdir. Atama həmişə valideyndən çox müəllim kimi baxmışam. İndi isə həm də tələbə yoldaşı olacağıq”.

Təhsil almağın, elm öyrənməyin heç zaman gec olmadığını deyən Kərəm Süleymanov hər kəsə yaşından asılı olmayaraq oxumağı, biliyini, təhsilini artırmağı tövsiyə edir: “Məhəmməd peyğəmbər “Beşikdən qəbrədək elm öyrənin!”, deyib. Dahi Azərbaycan şairi Nizami Gəncəvi də “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz” kəlamlarını söyləyib. Ən böyük var-dövlət elm, bilik, savaddır. Odur ki, gənclərə biliklərini, təhsillərini artırmağı, yüksək bilikli mütəxəssis kimi Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edirəm”, - deyə K.Süleymanov bildirib.

AzVision.az


Teqlər: Tələbə   İmtahan  





Xəbər lenti