Məktəbəhazırlıq qruplarına 13212 uşaq qeydiyyatdan keçib

Məktəbəhazırlıq qruplarına 13212 uşaq qeydiyyatdan keçib
  27 Avqust 2018    Oxunub:8243
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 13 212 ərizənin onlayn qeydiyyatı (27.08.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 28-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 saat, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az



Teqlər: BŞTİ   məktəbəhazırlıq  





Xəbər lenti