Foqts qalsın, yoxsa getsin? – SORĞU

Foqts qalsın, yoxsa getsin? – SORĞU
  22 Oktyabr 2013    Oxunub:1854
Ötən həftə dünya çempionatının seçmə mərhələsinin başa çatması ilə milli komanda mövzusu nisbətən arxa plana keçdi. Amma bununla belə, yığma komandamızın baş məşqçisi Berti Foqtsun postunda qalıb-qalmayacağı hələ də futbol ictimaiyyətinin düşüncəsini məşğul edən əsas məsələlərdəndir.

İndiki halda alman mütəxəssislə müqavilənin uzadılmasını istəyənlər də var, Berti Foqtsla vidalaşmağın vacibliyini düşünənlər də. Təbii ki, belə vəziyyətdə ölkənin idman mətbuatının nümayəndələrinin nə düşündüyü az maraq doğurmur. Məhz bu üzdən ölkəmizin idman mediasının bəzi nümayəndələri ilə keçirdiyimiz sorğu ilə onların nə düşümdüyünü öyrənməyə çalışdıq.

Kənan Hakimov (ANS TV-nin Idman xəbərlərinin rəhbəri):

- Mən Berti Foqtsun postunda qalmasının tərəfdarıyam. Elə milli komandamızın üzvlərinin son açıqlamalarından futbolçuların da alman mütəxəssisin vəzifəsində qalmasını istədikləri bəlli olur. Məncə, Berti Foqtsu başqa bir əcnəbi çalışdırıcı ilə əvəzləməkdənsə, onu postunda saxlamaq daha yaxşı olardı.İndiki halda millinin baş məşqçisi vəzifəsi üçün seçim imkanımız məhduddur. Berti Foqtsun yerinə ən real namizəd Qurban Qurbanovdur ki, onun da hazırda millidə çalışmağa razılıq verəcəyini düşünmürəm.

Rəşad Ergün (“Komanda” qəzetinin baş redaktoru):

- Son seçmə tsikl Azərbaycan futbol tarixinə ən bahalı tsikl kimi düşdü. İsraillə səfərdəki heç-heçəyə görə 60 min, Şimali İrlandiya üzərindəki qələbəyə görə 100 min dollar mükafat verildi. Hələ başqa oyunlarda əldə olunan heç-heçələrə görə paylanılan pulları demirəm. Adamda belə təəssürat yaranır ki, bu tsikldə bizim milli komandaya Foqts yox, pullar baş məşqçilik edib. Həm də keçirilən oyunlara baxsaq, millinin əksər matçlarda bəxtinin gətirdiyini görərik. Çox vaxt bəxt bizim tərəfimizdə oldu və qapıçı Kamran Ağayev bu tsikldə Foqtsa azı 4 xal qazandırdı. O pullarla sizi də milliyə baş məşqçi təyin etsələr, bir neçə heç-heçə edib, hansısa bir oyunda qələbə qazana bilərsiz. Azərbaycanlı futbolçular pula görə qazonun otunu da yeyərlər. Və nəhayət, bu tsikldəki qrupumuz çox asan idi. Lüksemburqla görüşlərdə 2 yox, 6 xal qazanmalı idik. İsarillə oyunlardan da 2-dən çox xal toplamaq olardı. Məncə, bu qrupdan azı 12 xalla ayrılmaq mümkün idi ki, Foqts bunu bacarmadı. Ermənistanın olduğu qrupda olsa idik nə edərdik? Çexiyadan, Bolqarıstandan, İtaliyadan xallar alıb pley-offa yaxınlaşmaq həyəcanı yaşaya bilərdik? Biz heç Lüksemurqu uda bilmirik... Bütün bunlara görə də, hesab edirəm ki, Foqts getməlidir. Hətta bu günə kimi burda qalmasının özü böyük qəbahətdir.



Amal Abuşov (“Futbol+” qəzetinin əməkdaşı):

- Mən Berti Foqtsun istefaya göndərilməsinin tərəfdarıyam, çünki nəticələr xərclənən pullara ekvivalent deyil.

Anar Xanlarov (“Rekord.az” saytının redaktoru):

- Düzü AFFA İK-nın hansı qərarı verəcəyini bilmirəm. Daha doğrusu, burada İK-nın hansısa qərar verməsi formaldır. AFFA rəhbərliyi istəsə Foqts qaıacaq, istəməsə gedəcək. Hazırkı durum Foqtsun xeyrinədir. Bəxt bu insanın üzünə güldü. 3-4 ay bundan əvvəl hər şey fərqli idi. İndiki duruma nəzər salsaq, son 3 oyundan 5 xal götürdü, ümumilikdə 9 xal topladı, öz rekordunu təzələdi. Bu vəziyyətdə nə ad qoyub onu istefaya göndərəsən?

Amma şəxsən mənim fikrimə görə, Foqts getməlidir. Ötən seçmə mərhələdə olduğu kimi, bu dəfə də əsas xalları seçmə mərhələnin sonuna doğru topladıq ki burada da Foqtsun ciddi əməyi olduğunu düşünmürəm. Sona yaxın bir çox komanda iddiasını itirir və oyunlara motivasiyasız çıxır. Buna görə bizim kimi komandalar üçün xal götürmək də asanlaşır. Bundan başqa, qazanılan xallarda daha çox futbolçuların əhval-ruhiyyəsini ön plana çəkərdim, nəinki məşqçi kimi Foqtsun işini.

Biz Foqtsun fəaliyyətinə 1-2 oyuna görə yox, son 5 ildəki fəaliyyətinə görə qiymət verməliyik. Bu gün ac-yalavac Ermənistan FİFA reytinqində 38-ci yerdədir amma biz milyonlar xəcrləyirik hələ indi ilk 100-lüyə düşürük. Bundan qürrələnmək özü gülüncdür. Ümumiyyətlə, futbolda qurulan bu sistemin özü fiasko oldu. Son 5 ildə heç bir yaş qrupundan olan millimiz final mərhələsinə vəsiqə qazana bilmədi. Bunun özü artıq uğursuzluğun bariz göstəricisidir. Deməli futboldakı sistem dəyişməli, almanlar getməli, yeni sistem qurulmalıdır. Hər seçmə mərhələdə bir qələbəni elə əvvəllər də qazanırdıq.

Sənan Şəfizadə (ATV kanalının idman şərhçisi):

- Berti Foqtsun taleyi barədə danışmaq indi çətindir. Çünki son iki oyunda yığma uğurlu çıxış edərək 4 xal qazandı. Qalib heyət dəyişilmədiyi kimi, uğurlu çıxış edən məşqçini də dəyişmək çətindir. Uğur dedikdə milli tarixində rekord sayılacaq 9 xal topladı. Oyun baxımından yığma indi son dəqiqəyə qədər oynamağı müəyyən mənada bacarır. Buraxılan qoldan sonra geri çəkilmir.

Digər maraqlı məqam yığmanın həmişə son oyunlarda yaxşı oynamasıdır. Axı niyə məhz seçmə mərhələnin son görüşlərini yaxşı oynayırıq? Şimali İrlandiya ilə doğurdan yaxşı oynadıq. Rusiyaya gəldikdə rəqib 1 xal üçün oynadı və özünü çox yormadı. Foqtsun taleyinə gəlincə hər şey məsələyə cavabdeh olanlardan asılıdır. Onlar millidən nə istəyirlər və Foqtsdan nə tələb edəcəklər. Gözləyəcəyimiz nəticə verilən pullara dəyərmi? Yəni bu nəticəni daha az məbləğlə və öz məşqçimizlə əldə etmək olmazmı?

Əgər Foqts qalacaqsa ondan Azərbaycanda daha çox vaxt keçirməyi, çempionat oyunlarını izləməyi və mediaya hörmət etməyi tələb etmək lazımdır. Şəxsi fikrimə gəldikdə, əgər başqa xarici məşqçi gətirəcəklərsə qoy elə Foqts işləsin. Çünki az-çox yerli futbolumuzu başa düşməyə başlayıb. Yox, yığmanı yerli məşqçiyə etibar edəcəyiksə, onda ona da Foqtsa olan şərait yaradılmalıdır. Fikrimcə, 9 xaldan sonra alman məşqçini postunda saxlamağa çalışacaqlar.



Elçin Cəlilov (“FutbolPress.az” portalının baş redaktoru):

- Foqtsun istefaya göndərilməsi və ya saxlanmasından önəmli mövzu AFFA-da sistemin dəyişməsidir. Foqts qalsa və ya onun əvəzinə kimsə gətirilsə, məncə, ciddi dəyişiklik olmayacaq. Görünən odur ki, dağınıq bir sistem var və ancaq millinin üzvləri oyuna can qoyur. AFFA-nın futbol idarəçiliyi dəyişilməlidir. Orada idarəçilərin maxinasiyaları haqda dəfələrlə ifşaedici yazılar çıxıb ortaya. Baş katib Elxan Məmmədov öz monopoliyası üçün, prezident Rövnəq Abdullayevsə ondan qorunmaq üçün çalışır. Bu cür durumda yığmanın baş məşqçisini dəyişməyin faydası nə olar?!.

İlkin Babayev (“Futbol11.az” saytının redaktoru):

- Berti Foqtsun qalmağının tərəfdarı deyiləm. Kimlərsə qazanılan 9 xalı Foqtsun ayağına yaza bilər. Amma bu, futbolçularımızın kişiliyinə sığıdrmadığı məğlubiyyətlərə qarşı yaranan aqressiyanın göstəricisidir. Yəni, Foqtsun olub-olmaması bir önəm daşımayıb. Foqtsun son Rusiya matçında etdiyi taktiki səhvlər bir daha onu göstərdi ki, o, Azərbaycan millisinə lazım olan insan deyil. AFFA hələdə onu bəsləmək istəyirsə, bu, başqa məsələ.

Zaur Xudiyev (“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı):

- Mən belə düşünürəm ki, son oyunlarda qazanılan uğurlar bilavasitə Foqtsun deyil, klub futbolunun inkişafının və klub məşqçilərinin əməyinin nəticəsidir. Eyni zamanda, futbola ayrılan maliyyə vəsaitlərinin və AFFA prezidenti Rövnəq Abdullayevin qayğısı qarşısında Foqtsun elədikləri əslində çox azdır. Bu dəstəklə hətta yerli məşqçilər belə ən azından bu nəticəni qazana bilərdilər. Foqts isə bu qədər imkanların qarşılığında ondan istəniləni verə bilmədi.

Səxavət Qurbanov (“İdmanxeber.com” saytının redaktoru):

- Təbii ki, Foqtsun göndərilməsinin tərəfdarıyam. Ölkəmizdə olduğu bu 4 il ərzində heç bir uğurlu nəticə qazana bilməyən alman məşqçidən bundan sonra qeyri-adi nəsə edəcəyini gözləmək sadəlövhlükdü. Düzdü komanda son oyunlıarda yaxşı çıxış etdi və bu tskildə cəmi 3 yenilgi oldu. Ancaq bunu Foqtsun adına yazmaq lazım deyil. Futbolçuların əzmkar oyunu, mübarizəsi bizə xallar gətirdi. Ona görə də düşünürəm ki, Foqts getməlidir.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti