İran İraqda ballistik raketlər yerləşdirib

  31 Avqust 2018    Oxunub : 1958
İran İraqda ballistik raketlər yerləşdirib
İran İraqdakı şiə müttəfiqlərinə ballistik raketlər verib, həmçinin Yaxın Şərqdəki maraqlarına qarşı hücumların dəf edilməsi üçün İraqda daha çox raketlər yerləşdirməyə hazırlaşır. Bununla da regiondakı rəqiblərini vurmağı, həmçinin, ABŞ-ın mümkün hücumuna qarşı kənardan müdaxilə həyata keçirməyi planlaşdırır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə 3 iranlı rəsmi, Qərb kəşfiyyatı və İraq kəşfiyyatındakı 2 mənbə məlumat veriblər.

Məlumata əsasən, son aylar ərzində Tehran İraqdakı müttəfiqlərinə bir neçə ədəd yaxın mənzilli ballistik raketlər ötürüb. Məqsəd isə İrana qarşı mümkün hücum zamanı ölkə kənarından alternativ kömək planına hazırlıqdır.

“Tehranın bu hərəkətində məntiq ondan ibarətdir ki, əgər İrana qarşı hücum həyata keçirilsə, ehtiyat planda olsunlar. İraqa verilən raketlərin sayı elə də çox deyil, sadəcə bir neçə onluqdan ibarətdir. Amma əgər ehtiyac yaranarsa, raketlərin sayı artırıla bilər”, – deyə yüksək vəzifəli iranlı mənbə “Reuters”ə bildirib.

Lakin İran hökuməti mənbələrin açıqlaması üzrə “Reuters”ə şərh verməkdən imtina edib. Həmçinin, İraq hökuməti və hərbi dairələri də “Reuters”in sorğusunu rədd edərək, məsələyə münasibət bildirmək istəməyiblər.

Qeyd olunur ki, “Zelzal”, “Fateh-110” və “Zülfüqar” ballistik raketləri 200-700 kilometr məsafə radiusunda zərbə vurmağa qadirdir. Əgər bu raketlər İraqın qərb və cənub-qərb bölgələrində yerləşdirilibsə, bu, regionda İranın əsas düşmənləri olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın və İsrailin paytaxtı Təl-Əvivin təhlükədə olması deməkdir. Çünki artıq İraqın həmin ərazilərində İran İnqilabı Keşikçiləri Korpusunun xaricdə keçirilən əməliyyatlar üzrə ixtisaslaşan xüsusi Qüds Qüvvələrinin hərbi bazaları da var. Bildirilir ki, İranın Qüds Qüvvələrinin komandanı, general Qasım Süleymani İraqa raketlərin yerləşdirilməsi proqramına nəzarət edir.

Xatırladaq ki, Qərb ölkələri indiyədək İranı Yaxın Şərqdəki müttəfiqlərini – Suriyanı, Yəməndəki husiləri, Livandakı “Hizbullah”ı silahlandırmaqda ittiham edirdilər. İndi isə bu siyahıya İraq da daxil edilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İran   İraq   ABŞ