Ermənistana maşın yolu ilə taxıl daşınmasına qadağa qoyuldu

Ermənistana maşın yolu ilə taxıl daşınmasına qadağa qoyuldu
  31 Avqust 2018    Oxunub:3139
Sentyabrın 1-dən Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusən də taxıl və taxıl məhsullarının daşınmasına qoyulan məhdudiyyətlər qüvvəyə minir.
Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yolları vasitəsilə həyata keçirilə bilər. Yalnız ciddi zərurət yarandığı halda avtomobillə məhdud miqdarda yük daşınmalarına yol verilə bilər.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev məsələni AzərTAc-a şərh edərkən deyib: “Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir”.

Deputatın sözlərinə görə, son təhlillər göstərir ki, hər ay Rusiyadan gələn təxminən 3000 yüklü avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Eyni zamanda, o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd keçid məntəqəsində çox ciddi gecikmələr, tıxaclar yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da öz növbəsində Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur.

M.Dərziyev deyib ki, Rusiyadan Ermənistana yük daşınmaları bundan sonra dəmir yolu və dəniz limanları vasitəsilə həyata keçirilməlidir. Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır.

Deputat bildirib ki, Gürcüstan Maliyyə Nazirliyinin bu qərarı hərbi yol kimi tanınan Yuxarı Lars yoluna alternativ başqa yolun açılmasına əsas verə bilməz. “Gürcüstan hökumətinin qərarı Abxaziyadan keçən dəmir yolunun açılmasına səbəb ola bilməz. Abxaziya üzərindən dəmir yolunun açılması barədə söz-söhbətlər əsassızdır”, - deyə M.Dərziyev vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Ermənistan tərəfi artıq Gürcüstan hökumətinin qərarından narahatçılığını bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək narahatçılığını ifadə edib. Bu qərarın Ermənistanda narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin qərarı erməni əhalisinin rifahına birbaşa təsir edəcək.

Şarmazanov bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirə etməyi təklif edib. Lakin Gürcüstan tərəfi Ermənistana cavab verməyib.

AzVision.az


Teqlər: Ermənistan   Taxıl  





Xəbər lenti