Ukrayna ordusu Donetskə girməyə hazırlaşır - Zaxarçenkonu kim öldürüb?

  01 Sentyabr 2018    Oxunub : 6140
Ukrayna ordusu Donetskə girməyə hazırlaşır - Zaxarçenkonu kim öldürüb?
Ukraynanın şərqində separatçıların Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenkonun öldürülməsi ilə əlaqədar Donetskdə 3 günlük matəm elan olunub. Zaxarçenkonun dəfn mərasimi sentyabrın 2-də keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Zaxarçenkonun ölümündən sonra Donetsk separatçılarının müvəqqəti liderinə çevrilən Dmitri Trapeznikov bildirib.
Ukraynanın şərqindəki separatçılar həmçinin, baş verənlərdən yararlanmaq istəyən Kiyevin Donetsklə sərhəddə hərbi texnika cəmləşdirdiyini və hücuma hazırlaşdığını bildirirlər.

Qeyd edək ki, ötən gecə Ukraynanın Donetskin əyalətinin mərkəzindəki “Separ” kafesində baş verən partlayış nəticəsində Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko ölüb, qondarma respublikanın onunla birlikdə olan gəlirlər naziri Aleksandr Timofeyev və daha 10 nəfər xəsarət alıb. Donetsk separatçıları partlayışı terror aktı kimi qiymətləndiriblər.

“Kommersant”ın məlumatına görə, Zaxarçenkonun olduğu kafeyə əvvəlcədən məsafədən idarə olunan bomba yerləşdirilib. Partlayıcı qurğu kafenin işıqlandırma avadanlıqlarından birində - lampa, yaxud lüstura bərkidilib. Zaxarçenko kafeyə daxil olan kimi telefon zəngi ilə bomba işə salınıb və partlayış baş verib. Bu mənada, Zaxarçenkoya qarşı sui-qəsd törədənin onun yaxın ətrafından olduğu və hara gedəcəyini öncədən bildiyi, kənardan onu izləyərək separatçıların liderinin kafeyə daxil olmasını gözlədiyi istisna edilmir.

İnsidentlə bağlı Donetsk separatçılarının polisi şübhəli qismində bir neçə nəfəri saxlayıb. Dmitri Trapeznikov bildirib ki, saxlanılanlar partlayışın Kiyevin təxribatı və Ukrayna hüquq-mühafizə orqanlarının işi olduğunu təsdiq ediblər. Lakin Ukrayna Təhlükəsizlik Xidməti Zaxarçenkonun ölümü ilə bağlı heç bir əlaqəsinin olmadığını bəyan edib.

Qondarma Donetsk Xalq Respublikası qüvvələrinin operativ komandanlığının sədr müavini Eduard Basurin isə Zaxarçenkoya qarşı sui-qəsd əməliyyatının ABŞ nəzarəti altında həyata keçirildiyini deyib.

Rusiya tərəfi Moskvanın adamı kimi tanınan Zaxarçenkoya qarşı sui-qəsdə münasibət bildirib. Prezident Vladimir Putin Zaxarçenkonun öldürülməsini alçaqlıq adlandıraraq, terror yolunu seçənlərin Ukraynanın şərqindəki münaqişənin sülhlə həllini istəmədiklərini, Donbassda sabitliyin pozulmasına çalışdıqlarını vurğulayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Zaxarçenkonun qətlinin arxasında Kiyevin dayandığını deyib. Donetsk separatçılarının liderinə qarşı sui-qəsdlə bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.

Xatırladaq ki, 2014-cü ilin Maydan hadisələrindən etibarən Şərqi Ukraynada – Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Donbass əyalətində yerləşən Luqansk və Donetsk münaqişə rayonlarıdır və özlərini “müstəqil” respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. Ukrayna böhranının 2014-cü il Minsk razılaşmaları üzrə nizamlanmasilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə “Normand formatı” məşğul olur.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ukrayna   Donetsk   Rusiya