Türkiyə Yunanıstana ciddi xəbərdarlıq edib

Türkiyə Yunanıstana ciddi xəbərdarlıq edib
  01 Sentyabr 2018    Oxunub:3673
Türkiyə yaxın zamanda Ağ dənizin şərqində və Qara dənizdəki ona məxsus ərazi sularında öz karbohidrogen ehtiyatlarının hasilatına başlayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində iki ölkə arasındakı münasibətləri və Kipr problemini şərh edərkən deyib.
Onun sözlərinə görə, Kipr məsələsində yunanların karbohidrogen resursları ilə bağlı mövqeyi “bəsirətsizlik" nümunəsidir.

“Kiprdəki yunanlar ada sanki yalnız onlara məxsusmuş kimi davranırlar. Ağ dənizin şərqində birtərəfli qaydada karbohidrogen hasilatı ilə məşğul olaraq Kiprdə yaşayan türklərin haqqlarını heçə sayırlar. Güc məsələsində olduğu kimi, Kipr adasının təbii sərvətlərini də türklərlə paylaşmağa hazır deyillər”, – deyə Çavuşoğlu bildirib.

XİN rəhbəri vurğulayıb ki, Ankara Ağ dənizin kontinental şelf hissəsində suveren hüquqlarından tam şəkildə istifadə edəcək.

“Heç bir xarici ölkə, şirkət ya da gəmi Türkiyənin kontinental şelf ərazisində, yaxud dənizlərində icazəsiz karbohidrogen və ya elmi araşdırma fəaliyyətilə məşğul ola bilməz. Buna müvafiq olaraq, Türkiyə yaxın zamanda Ağ dənizin şərqində və Qara dənizdəki ona məxsus ərazilərdə öz karbohidrogen hasilatına başlayacaq. Kiprdəki yunanlarla karbohidrogen sahəsində əməkdaşlıq edən şirkətlər də xərc və gəlirlər analizini dəqiq aparmalı, vəziyyətlərini yenidən nəzərdən keçirməlidirlər. Ankara Ağ dənizin şərqində həm özünün, həm də kiprli türklərin maraqlarını qoruyacaq” , - deyə türkiyəli nazir bəyan edib.

Çavuşoğlunun fikrincə, Kiprdəki yunanlar türklərlə eyni siyasi bərabərliyi paylaşmağı həzm edə bilmirlər. Kipr problemilə bağlı nizamlanma müddətinin ötən ilin iyulunda başa çatdığını vurğulayan nazir bildirib ki, “yunanlar sıfır əsgər və sıfır zəmanətdə inad etdilər. Bu isə “sıfır nəticə”yə gətirdi. Bu cür zehniyyətin hansısa müsbət nəticəyə gətirməyəcəyi əvvəldən bəlli idi.”

Bütün bunların fonunda, Çavuşoğlu yunanlara xəbərdarlıq edərək bildirib ki, “əgər hələ də itirəcəkləri bir şeyin olmadığına inanırlarsa, yanılırlar.”

Qeyd edək ki, Kipr adası 1974-cü ildən faktiki olaraq iki hissəyə bölünüb. Həmin ilin yayında yunan millətçilərinin qiyamından sonra adada yaşayan türklərin təhlükəsizliyini qorumaq məqsədilə Ankara tərəfindən 21 iyulda həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusu Kiprin 37%-nə, əsasən şimal hisəsinə nəzarəti ələ keçirib. 1983-cü ildə türk icmasının məskunlaşdığı həmin ərazilərdə Şimali Kipr Türk Cümhuriyyəti yaradılın. Hazırda Şimali Kiprin müstəqilliyini Türkiyədən başqa dünyanın heç bir dövləti tanımır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kipr   Ağdəniz   yunanıstan   Türkiyə  





Xəbər lenti